Xarizmatik lider, rekordçu kapitan

15:47 - 17 İyun 2015

Klubda və millidə kapitanlıq fərqi

 

6 ildir “Qarabağ”ın lideri olsa da, məhz “Neftçi”də uzun müddətli çıxışı karyerasında gələcək uğurlar yolunda böyük təkan oldu. Yəqin ki, söbhətin Rəşad Sadıqovdan getdiyini anladınız. Bu gün doğum gününü qeyd edən Rəşad “ad günün təbriklərim"in növbəti qonağıdır. Deyəsən, iyunun 16-sı Rəşad adlı futbola bağlı insanları sevir. Çünki tanınmış televiziya jurnalisti, şərhçi Rəşad Rafiqoğlu da məhz bu gün dünyaya gəlib.

 

İkimizin də həyatında xüsusi yer tutan il

 

Hər ikimizin həyatında 2001-ci il xüsusi yer tutur. Mən həmin ildə jurnalistika karyerama "Futbol-Plus" qəzetində, baş redaktor Mahir Rüstəmlinin rəhbərliyi altında başladım. Rəşad isə 2001-də “Turan”dan “Neftçi”yə keçməklə, futbolçu karyerasında yeni bir səhifə açdı. Məhz Azərbaycanın ən adlı-sanlı klubuna keçidi ilə potensialı açıldı, tanındı.

2001-ci ili təsadüfən xatırlatmadım. Həmin vaxt jurnalistikaya yeni gəlmişdim və müxtəlif yığmaların heyətində dalbadal oyunlarda meydana çıxan “Turan”lı gənc futbolçudan danışılırdı. Bu, onda tanınmayan Rəşad Sadıqov idi. Onda yaşı U-19-a düşən müdafiəçinin istedadı, yaxşı fiziki hazırlığı dalbadal 2-3 gün oynamağa imkan verirdi. Və artıq diqqət mərkəzinə düşən gənc, perspektivli futbolçu ortabab klubda çox qala bilməzdi. Kazbek Tuayev 2001-ci ilin yayında “Turan”dan “Neftçi”yə gəldi və 3 futbolçunu özüylə birgə gətirdi. Bu, Rəşadla bərabər gələn tovuzlu futbolçular – müdafiəçi Ruslan Abbasovla hücumçu Nadir Nəbiyev idi. Məhz bu üçlük uzun müddət “Neftçi”də bir yerdə çıxış etdikləri dövrdə qabağa getdilər, çempion, “Qızıl oyun”un qalibi, kubokun, “Qızıl dubl”un sahibi oldular, “Birlik kuboku”nu qazandılar. Fərq ondadır ki, “Pünik” üzərində tarixi zəfərin də iştirakçısı olan Sadıqov 1980-ci il təvəllüdlü tovuzlu komanda yoldaşlarından 2 yaş kiçikdir.

Ümumiyyətlə, Tuayev ilk məşqçisi Vaqif Paşayev olan Rəşadın karyerasında böyük rol oynayıb. Onun fikrincə, Sadıqov MOİK-in və Rusiya yığmasının aparıcı müdafiəçisi Sergey İqnaşeviçdən güclü müdafiəçidir. O, bunu hələ 2004-cü ildə Çempionlar Liqasında (ÇL) MOİK-lə oyunlarda rəqibin baş məşqçisi Valeri Qazzayevə dəfələrlə bildirərək, komandasına götürməyi məsləhət görsə də, istəyinə çata bilmədi.

2001-ci il Rəşada milliyə düşməsi baxımından da uğurlu il oldu. Həmin vaxt U-21-a cəlb edilən futbolçu tezliklə əsas yığmaya cəlb olunur. Bu, DÇ-2002-nin seçmə mərhələsində son oyunda – İsveçlə səfər matçı idi. Onda təşəbbüskar olan baş məşqçi İqor Panamoryov Rəşadla yanaşı, U-21-nin digər üzvləri – Samir Əliyev, Samir Musayev, Romal Hüseynovun debütünə şərait yaradır.

Klubda və millidə kapitanlıq fərqi

Rəşad Azərbaycan futbolunda xarizmatik liderlərdəndir. Özü də hələ gənc yaşlarından liderlik keyfiyyətlərini özündə cəmləşdirib. “Neftçi”yə gələndən əsas heyətdə yerini möhkəmlədən Sadıqovun debütü UEFA kubokunda Sloveniyanın “HİT-Qoritsa” klubuna qarşı olub. O, “Neftçi”nin 2004-cü ildə ÇL-də ilk dəfə mərhələ keçməsi zamanı sıralarında olub. Həmin vaxt komanda yoldaşları arasında yaşca ən kiçiklərdən olsa da, öz oyunu ilə liderlərdən biri sayılırdı. Getdikcə təcrübəsi artan Sadıqov “Neftçi”nin aşkar liderinə çevrilirdi.

Maraqlıdır ki, o, “ağ-qaralar”da uzun illər oynasa da, kapitan çox az olub, buna can atmayıb da. Tərlan Əhmədov, Arif Əsədov, Qurban Qurbanov kimi təcrübəlilər “Neftçi”dən gedəndən sonra kapitanlıq Mahmud Qurbanov, Zaur Tağızadə, Nadir Nəbiyevdə olub. Elə “Qarabağ”da da ilk vaxtlar kapitan olmayan yalnız çempion olduqları son 2 mövsümdə bu hüququ daşıyır. Ancaq milli komandamızda bu baxımdan vəziyyət tam fərqli olub. Belə ki, Qurbanovun 2005-ci ildə milllidən gedişindən sonra Sadıqov yeni kapitan seçilir və həmin vaxtdan əsas kapitan sayılır. Millimizin bütün əcnəbi baş məşqçiləri də onu liderlərdən sayıb, kapitanlığın məhz onun daşımasını istəyiblər.

Rəşad sıradan yox, rekordçu kapitan sayılmalıdır. Çünki müdafiəçi karyerasında bir sıra rekordlara imza atıb. Təbii ki, bu, ilk növbədə kapitanlıq, oyun sayındadır. Millidə hesabında 97 matç olan, yəni 100-ün astanasında olan Sadıqov artıq bu il, cari seçmə mərhələdə həmin üç rəqəmli ədədə çata biləcək. Bununla da Rəşad Azərbaycanda ilk belə futbolçu olacaq. Oyun sayında 2-ci olan, artıq xeyli vaxtdır karyerasını bitirən keçmiş komanda yoldaşı, kapitanı Aslan Kərimovun millidə hesabında 80 oyun var. Sadıqov Şahin Diniyevin baş məşqçiliyi vaxtında - 2006-cı ilin sentyabrından 2007-ci ilin noyabrınadək milildən kənarda qalmasaydı, artıq 100-ə çatmış, onu da keçmişdi.

Əlbəttə, bütün futbolçularımız, o cümlədən Rəşad üçün ən böyük arzu dünya və Avropa çempionatının final mərhələsində oynamaqdır. Ancaq reallıq bu məqsədə çatmağın çətin olduğunu göstərir. Bakının 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul etməsi milli komandamızım birbaşa ora vəsiqə qazanması demək deyil. Əks təqdirdə həmin vaxt 38 yaşı olacaq Sadıqovun millidə karyerasını davam etdirməsinə böyük stimulu olardı.

"Terminator"un digər futbolçulardan üstünlükləri

Sadıqov səviyyəsi ilə seçilməsi təkcə komanda yox, fərdi mükafatlarda da onu fərqləndirib. O, ölkədə ilin, milli komandamızın ən yaxşı futbolçu seçilməsinə görə ön planda gedir. Rəşad AFFA-nın əvvəlki rəhbərliyi dövründən nəinki millidə, ümumiyyətlə qalan tək-tük futbolçulardandır. Yəni ali futbol qurumumuzda prezidentlər dəyişsə də, futbolçu liderlik mövqeyini qoruyub. Fuad Musayevin AFFA-dakı prezidentiliyi dövründəki millidə baş məşqçilər onu dayaq yarımmüdafiəçisi kimi oynatsa da, sonradan mərkəz müdafiəçisi yerində birdəfəlik qərarlaşdı.

Sadıqov legioner həyatına görə də digər futbolçularımızdan üstündür. Xaricdə ilk olaraq milli çempionatımız dayanan dövrdə İranda Mahmud Qurbanovla birgə “Fulad”da oynayan Rəşad əsasən Türkiyədə çıxışı ilə diqqət çəkib. Belə ki, Superliqada birdən-birə 3 klubun – “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”da oynayıb, avrokuboklarda iştirak edib, türk həmkarlarımız tərəfindən ona "Terminator" ləqəbi verilib. Futbolçularımızdan Superliqada çıxış edənlər barmaqla sayılacaq qədərdir, o ki qaldı həmin çempionatda 3 klubda oynayan. Fakt odur ki, bizimkilər Türkiyənin I liqa klublarında da möhkəmlənə bilmirlər. Sadıqov hətta İspaniya Primerosunun təmsilçisinin düşərgəsində də yer alıb. Bu, 2008-ci ilin dekabrında baxışda olduğu “Valyadolid” klubu olub.

Həlledici qollar və basketboldakı sınaq

Rəşad müdafiəçi olsa da, az qol vurmayıb. Özü də qolları adətən həlledici olub. Onun beynəlxalq oyunlarda vurduğu qollar daha yaddaqalandır. Bu mənada “Rusenborq”la matçı mütləq fərqləndirməliyik. Axı Avropanın ən güclü klublarından biri, dəfələrlə ÇL-nin qrupunda oynamış Norveçin ən titullu klubu üzərində 2009-cu ildə Bakıdakı zəfər “Qarabağ”ın Avroliqada ilk qələbəsi kimi tarixə düşüb. Rəşad Tofiq Bəhramov adına Respublika stadionunda uzaq məsafədən cərimə zərbəsindən gözəl qol vurmaq bacarığını hələ bundan öncə - 2004-cü ildə Uels yığması ilə rəsmi oyunda göstərib. Ümumiyyətlə, mərkəzi arenamız Rəşada çox düşərlidir. O, 2010-cu ildə Türkiyə yığması üzərində tarixi qələbədə, “Neftçi”ylə avrokuboklarda da bu stadionda gözəl qollar vurub. Özü də baş məşqçi Vaqif Sadıqovun futbolumuza gətirdiyi azərbaycansayağı künc zərbələri zamanı.

İlk baxışdan nə qədər qəribə görünsə də, Rəşadın karyerasında basketbol da yer tutub. Məlum olduğu kimi, o, 2006-cı ildə Türkiyədən “Neftçi”yə qayıdan zamanı “transfer pəncərəsi” bağlı olduğundan, milli çempionatımızda iştirakına icazə vermədilər. Belə olan halda, futbolçu uşaqlıq dostu, “NTD Servis Devon”da oynayan baksetbol yığmasının kapitanı Tahir Baxşıyevin sayəsində onun komanda yoldaşı olur, özünü bu idman növündə sayır. Öz aramızdır, pis də alınmır. 2006-cı ilin sentyabrın 28-nə təsadüf edən debüt matçında 13 xal toplayır, hətta 3 xallıq atışı dəqiq olur, komandası isə sonda çempion olur. Sonradan məlum olur ki, Rəşad futboldan boş vaxtlarında basketbol oynayırmış, hətta məşqçi ilə məşğul olurmuş. Məşqlərə getdiyindən basketbolçuları yaxşı tanıyan Sadıqovun adaptasiya ilə bağlı problemi olmayıb. O, futbolçu olmasaydı, özünü basketbolçu kimi görürmüş.

"Neftçi"dən çıxarılsa da, yenə Qurban Qurbanovla birgə

Qurban Qurbanov “Qarabağ”ı çalışdırdığı 7 ildə ona çox böyük uğurlar qazandırıb. Fikrimcə, bunda 2009-cu ildən onun rəhbərliyi altında oynayan Rəşadın da az rolu olmayıb. Sadıqov Qurbanovun meydandakı təmsilçisi, köməkçisidir. Kapitanın xarizması komandadakı ab-havaya müsbət təsir göstərir. Sadəcə, o, “Qarabağ”da uzun müddətdir nə çempionluq, nə də kuboku qazana bilirdi. Sonuncu dəfə bunu “Neftçi”ylə qazanmasından isə 10-11 il ötürdü. Nəhayət, Ağdam klubu ilə ötən il ilk çempionluğunu qazanan Rəşad bu il "qızıl dubl" etdi, çempionluq, ölkə kubokunu kapitan kimi başı üzərinə qaldırdı. 2008-ci ildə Sadıqovu “Neftçi”dən çıxaran almaniyalı baş məşqçi Hans-Yurgen Gede ona qarşı böyük haqsızlıq etdi. Bu, onu doğma “Neftçi”dən ayrı salsa da, qismətində Qurban Qurbanoun rəhbərliyi altında yenə oynamaq varmış. Gedenin qərarı “Neftçi”sevərləri üzməklə yanaşı, sonda Rəşadın yolunun “Qarabağ”a düşməsinə gətirib çıxardı.

Məlum olduğu kimi, Sadıqov Azərbaycanda karyerası boyu “14 nömrə”ylə çıxış edir. 14-i çox sevən futbolçunun mobil nömrəsində də bu rəqəmi görmək mümkündür. Rəşad mətbuat üçün təkcə oyununa görə, açıqlamalarına görə də maraqlı personadır, adətən mediadan qaçmır, hətta uğursuz oyunlardan sonra fmüsahibə verib. Özü də fikirlərini açıq şəkildə deməkdən heç vaxt çəkinməyib. Məncə, onda bu xüsusiyyətlər, qətiyyəti, liderlik keyfiyyətləri gələcəkdə məşqçi olarsa, işinə yarayacaq.

Bəli, Rəşad haqda indiyədək çox şey yazılıb. Mən bu gün həyatında “3-lər”i qoşalaşdıran, artıq 14 ildir şəxsən tanıdığım Sadıqovla bağlı maraqlı məqamları bölüşməyə çalışdım. Bunun məndə nə dərəcədə alındığını isə izləyicilər, səbəbkar daha yaxşı qiymət verə bilər.

Ad günün mübarək, Rəşad!

Müəllif: Mehman Süleymanov

Xəbər xətti