I Divizion təmsilçisi "Turan Tovuz"un idman direktoru Nadir Nəbiyev Sportal.az-a açıqlama verib.
38 yaşlı mütəxəssis komandanın I dövrədəki çıxışı barədə danışıb:
"İlk dövrədə komandanın oyununda və nəticələrindən razı qalmadım. Buna səbəb isə limitlə bağlı problemlər oldu. Bu qərar çempionatın startına az qalmış verildi. Ona görə də çətinliklər yaşadıq. Əsasən, öz aşağı yaş qruplarımızdan oyunçulara şans verdik. Kənardan futbolçu götürə bilmədik. Qış fasiləsinə yollananda baş məşqçiylə söhbətimiz olub. Bütün səlahiyyətlər çalışdırıcıdadır. Onun da əlində geniş heyət yoxdur və buna görə də istədiyi nəticələri əldə edə bilmir. Artıq hədəflər dəyişib. Rəhbərlik baş məşqçiylə söhbət edib. Bizə uyğun olmayan futbolçulara klub tapmalarını tövsiyə etmişik. Çalışdırıcımız Eltay Aslanov öz heyətini yığmağa çalışır. Hər şey onun ixtiyarındadır, işinə qarışmırıq. Hədəflərimiz maksimum irəli getməkdir. Komandamız hazırlıqlara başlayıb. Yüksək yerləri hədəf qoymuşuq".
Veteran futbolçu "Turan Tovuz"un növbəti mövsüm Premyer Liqaya buraxılacağı barədə gəzən söz-söhbətlərə münasibət bildirib:
"Bu gün azarkeşinə və şəraitinə görə "Turan Tovuz" Premyer Liqaya layiq klubdur. Çox istərdik ki, komandamız elitada çıxış etsin. Biz iki mövsüm öncə divizionda çempion olmuşduq. Ancaq maliyyə olmadığı üçün Premyer Liqaya çıxmadıq. Sponsor və dəstək olmadı. İndiki halda bizə rəsmi məlumat gəlməyib və "Premyer Liqaya hazırlaşın" deyən olmayıb. "Turan Tovuz"a AFFA-dan söz verilməyib ki, Premyer Liqada çıxış edəcək".
saytlarin hazirlanmasi