Aleksey İsayev Azərbaycan milli komandasında?

22:36 - 1 Fevral 2019

“Sumqayıt”ın liderlərindən biri olan Aleksey İsayev sərgilədiyi oyunla diqqətləri öz üzərinə çəkməyi və digər iddialı klubların maraq dairəsinə düşməyi bacardı. Mövsümün əvvəlində komandaya keçən yarımmüdafiəçinin millimizdə çıxış edəcəyi barədə də söz-söhbətlər var. Lakin Rusiyada doğulan və qonşu ölkədə yetişən oyunçu bu suallara konkret cavab verməkdən imtina edirdi.


Aleksey “Sumqayıt”a yeni transfer ediləndə Rusiya vətəndaşı kimi Peşəkar Futbol Liqasına sifariş edilmişdi. Lakin qurumun saytı 23 yaşlı futbolçunu hazırda azərbaycanlı kimi göstərir. Bu isə o deməkdir ki, artıq İsayev Azərbaycan vətəndaşlığını daşıyır. Alekseylə yanaşı, İsraildə doğulan və adıçəkilən ölkədə futbolun sirrlərinə yiyələnən Əli Babayev də indi Azərbaycan vətəndaşı kimi göstərilir. Məsələni dəqiqləşdirmək üçün “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi açıqlamasında bildirib ki, bir müddət əvvəl futbolçular üçün Azərbaycan vətəndaşlığı alınıb: “Hər iki futbolçu azərbaycanlıdır. Vətəndaşlıqları da bir müddət əvvəl alındı”.


PFL-in nümayəndəsi Elgiz Abbasov da futbolçulara mövsümün gedişində Azərbaycan vətəndaşlığının verildiyini bildirib: “Bəli, hər iki oyunçu mövsümün gedişində Azərbaycan vətəndaşlığı aldı”.

Mehman Əşrəfov

Xəbər xətti