Füzuli qurbandır? - YAZI

13:59 - 12 Sentyabr 2020

“Neftçi”nin “Sumqayıt”a məğlubiyyəti (artıq) təəccüb effekti yaratmır.  İsrarla “günah keçisi” təyin etmək cəhdləri və baş məşqçi  Füzuli Məmmədova yüklənmək səmimi mənzərə deyil. Problemin yarandığı və inkişaf etdiyi nahiyə baş məşqçilikdə yox, sistemdədir.

 

“Neftçi” artıq bu il geridə qalan iki illik yüksəliş tempini məntiqi nöqtəyə - “Qarabağ”la başabaş çempionluq mübarizəsi həddinədək qaldırmalıydı. Və əlbəttə ki, bu gedişat tək baş məşqçi amilindən asılı deyildi...

 

“Sumqayıt”la oyundan əvvəl də, “Şkupi”yədək də görünürdü ki, bu komandanın oyununda sistemin cizgiləri belə yoxdur (Baş məşqçi nöqsanı). Yeni transferlərdən yalnız Buqrin fərq yarada bilib (Baş məşqçi və idman direktoru nöqsanı).  Mövsüm başlayanadək klub rəhbərliyinə ən çox verilən sual baş məşqçinin dəyişilib-dəyişilməməsiylə bağlı idi. Əminliklə bu işi Füzuli Məmmədova tapşırmağın qərarını verənlər hamıdan çox məsuliyyət daşıyır (Rəhbərlik nöqsanı). Göründüyü kimi, “Neftçi”nin arzulanan inkişafa çata bilməməsi kompleks problemdir.

 

Bəzi xırda-orta-iri təfsilatlar da var. “Sumqayıt” hesabı açandan sonra mərkəz müdafiəçisi Mamadu Mbodju meydandan çıxarıb, yerinə digər stopper Stankoviçi daxil edən Məmmədov təəccübə səbəb oldu. O qədər səriştəsiz addım idi ki, hətta əvəzlənən futbolçu baş məşqçinin qərarına mümkün bütün formalarda istehza nümayiş etdirərək meydanı tərk etdi. Bu tip əvəzetmələr nadirən edilir. Və bunun öz səbəbləri olur. Mbodjun əvəzlənməsində qabarıq səbəb hansı idi? Rəqibin qolunda mövqe səhvi? Ok, lap olsun, ancaq hissənin yekunlaşmasını gözləmək, onu fasilədə əvəzləmək də olardı. Belədə, əmələ gələn xoşagəlməz mənzərənin də qarşısı alınardı.

 

Deyək ki, Məmmədov baş məşqçi kimi qətiyyətli, radikal qərar vermək üsulunu seçdi. Xoşagələn tendensiya sayıla bilər, lakin bu tip rəftara, adətən, xeyli təcrübəli və nüfuzlu çalışdırıcılar əl atır. Məmmədov isə bu baxımdan doğru hesablama apara bilmədi və hədəfə gəldi.

 

“Neftçi”nin uğursuz oyunları və pis nəticələri yenə olacaq və bunda əsas hədəf baş məşqçi sayılmamalıdır. Ən azı onun qədər bu seçimi edənlərin də məsuliyyət daşıdığı vurğulanmalıdır.

 

“Qarabağ”ın dominantlığına son qoymalı olan, hər formada o iddianı büruzə verən “Neftçi” bu mübarizədə hətta “Sabah”, “Keşlə” kimi kollektivlərin sürətinə belə çatdırmaya bilər.

 

“Neftçi”nin transfer siyasəti kifayət qədər tənqid mövzusu verib. Yayın qızmar çağlarında bəh-bəhlə klubun yeni strategiya tətbiq etdiyini, gəncləşdirməyə getdiyini açıqlayan rəhbərlik də bizim kimi görür ki, bu addım faydalı olmadı. Üstünə də vitse-prezident Elnur Eyvazovun klubun büdcəsindəki azalmalar+ixtisarlar mövzusunda minimalist açıqlamaları göstərir ki, klubun çempionatda dominantlığı ələ almağa heç bir çıxış yolu yoxdur. Gəncləşdirmə anonsları + yeni ortaya qoyulan büdcə kasadlığı barədə açıqlamalar mümkün uğursuzluğa manipulyativ bəraət cəhdi kimi görünə bilər - əvvəldən də bu detalı qeyd etmişdik...

 

Bir neçə ictimai effektli layihələrlə diqqət çəkən “ağ-qaralar” buradək yaxşı gəlirdi. Necə deyərlər, 2013-dən başlayan eniş və xaos dövrü yeni rəhbərliyin səyləri nəticəsində son 2 ildə müsbət dəyişikliklərlə əvəz olunmaqdaydı. Məntiqi və nəzəri baxımdan proseslərin üçüncü ili real potensialı ortaya qoymalıydı, ancaq təfsilat onu göstərmir. Odur ki, neqativ detalları çox qabardıb auranı gərginləşdirməkdənsə, təcili həlledic addımlar atmaq gərəkdir. Ziyanın yarısından da yox, əvvəlindən qayıtmaq lazımdır. Sonra gec olacaq...

 

Elçin Cəlilov / futbolpress.az

Xəbər xətti