Qurban Qurbanov: "6 oyunu səfərdə keçirmək çətindi"

16:00 - 28 Oktyabr 2020

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının II turunda "Vilyarreal"la oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, Qarabağdakı hərbi əməliyyata görə neytral meydanda keçirməli olduqları qarşılaşmadan öncə bütün oyunları səfərdə keçirməyin çətin olduğunu söyləyib:

"Oyun Bakıda olmalı idi, lakin Türkiyədə keçiriləcək. Qardaş ölkədə olduğumuz üçün sevincliyik. "Vilyarreal"ın necə komanda olduğunu bilirik. Təcrübəli rəqibə qarşı oynayacağıq. Ölkəmizdən kənarda oynamaq bir az çətindi. Siyasət futbola da təsir edib. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni yerinə yetirir. Biz də "Qarabağ" komandası olaraq öz vəzifəmizi düzgün yerinə yetirmək istəyirik. Bizim fikrimiz cəhbədə və əsgərlərimizin yanında olsa da, çalışırıq ki, işimizi layiqincə görək. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizə böyük üstünlükdü. İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq.

"Makkabi" ilə görüş çətin oldu. Xeyli sayda zədəlılərimiz var. Bir aydan çoxdur ki, futbolçularımızı istədiyimiz performansda saxlaya bilmirik. "Vilyarreal"la görüşdən sonra Bakıya qayıdıb, "Sivasspor"la matç üçün yenidən Türkiyəyə dönməli olacağıq. Altı matçı səfərdə keçirmək çətindi. Hər 3-4 gündən bir matça çıxmaq və performansı qorumaq çətin olacaq. Yorğunluq olacaq. Bu üzdən bəzən gənc futbolçuları da meydana buraxa bilərik. Ola bilər müdafiədə çətinliklərimiz olsun. Əsas heyət üzvü olan iki müdafiəçi zədəlidi (Nədavi Hüseynovu nəzərdə tutur - red.). Yenə vaxtımız var ki, "Sivasspor"u analiz edib düzgün taktika seçək".

Xəbər xətti