UEFA Millətlər Liqasının qrup mərhələsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandanın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.
O, meydanda bütün bacarıqlarını göstərmək sitədiklərini deyib:
“Sabahkı oyun bizim üçün çox önəmlidi. Əvvəlki oyundan öncə də demişdim ki, xalqımız üçün tarixi andı. Çox istəyirəm ki, özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edim. Meydanda bütün bacarığımızı göstərməyə çalışacağıq. Baxmayaraq ki, kifayət qədər məşq etmək imkanımız olmayıb".
İtaliyalı mütəxəssis heyətdə itkilərin olduğunu və 5 dəyişiklik edəcəyini söyləyib:
"Komandada Təmkin Xəlilzadənin səhhəti ilə bağlı narahatlıq var. Ondan əlavə, Anton Krivotsyuk cəzalı olduğu üçün komandaya kömək edə bilməyəcək. Sabahkı oyunda heyətdə beş dəyişiklik olacaq".
Baş məşqçi Şahruddin Məhəmmədəliyev və Emil Balayevi nəzərdə tutaraq komandanın güclü qapıçılarının olduğunu söyləyib:
"Sevindirici haldı ki, milli komandanın iki güclü qapıçısı var. Onlardan əlavə Mehdi Cənnətov və Aydın Bayramovu da qeyd etmək lazımdı. Hamısı bir-biri ilə çox mehribandı və aralarında sağlam rəqabət var".
De Byazi onu əsas narahat edən məqamın yaradılan qol imkanlarından istifadə edə bilməmələri olduğunu bildirib:
"Burada olduğum müddətdə 27 dəfə məşq keçirmişik. Məni narahat edən məsələ yaratdığımız imkanlardan istifadə edə bilməməyimizdir Gec-tez bunu da bacaracağıq. Əsas məsələ topu hücum xəttinə, cərimə meydançasına çatdırmaqdı. Bundan əlavə, imkan düşdükcə uzaqdan zərbələr endirməliyik. Bu işlər birdən-birə olmur. Zamanla bu problemi də aradan qaldıracağıq".