“Neftçi”nin, “Keşlə”nin keçmiş baş məşqçisi Tərlan Əhmədov milli komandayla bağlı danışıb.
Sportal.az-a açıqlama verən metəxəssis “İtaliyalı baş məşqçi Canni De Byazili yığmamızın çıxışını bəyənirsinizmi?” sualına belə cavab verib:
“Bəyənmək deyəndə… Hələ ki, millinin nəticəsi yoxdu. Bir oyun yaxşı ola bilər. Bununla nəsə demək olmaz. Milliyə yeni, gənc futbolçular cəlb olunur, etimad göstərilir, şans verilir. Ancaq nəticə istəmiriksə, oynamırıqsa, mənim üçün nəsə demək çətindi.
Azərbaycanın Sloveniya ilə yoxlama oyununu kənara qoyuram. Birinci, ikinci hissədə fərqli heyətlər oynadı. Monteneqro, Lüksemburqla rəsmi qarşılaşmalar Azərbaycan yığmasının vəziyyətini göstərəcək. Demək olar ki, şansımızı itirmişik. Nəzəri cəhətdən var, praktiki baxımdan isə şans yoxdur. Qrupda birinci yeri tutub növbəti mərhələyə vəsiqə qazanmaq çox çətindi.
Əcnəbi məşqçinin qarşısına nəticə vermək tapşırığı qoyulmalıdı. Yerli mütəxəssis gətirilsə də, o da yeni futbolçu dəvət edəcək. Hamımız milli komandamızın yüksək nəticə qazanmasını istəyirik, qalib gələndə sevinirik. Arzu edirik ki, yığmamız üçün yarışlar uğurlu olsun.
Millətlər Liqasının püşkündən sonra hamımız deyirdik ki, rəqibləri məğlub etmək mümkündü, mərhələni adlamaq şansı çoxdr. Futbol ictimaiyyəti, fanatlar da belə fikirdə idi. Bu rəqiblər keçilməliydi. Qurban Qurbanov, Yurçeviçin vaxtında millidə oyun, təcrübə hiss olunurdu. Futbolda görünən, görünməyən tərəf olur. Görünən o idi ki, rəqiblər münasib idi, qrup səddini keçməliydik. Çox təəssüf ki, yığmamız məğlubiyyətlərlə üzləşdi. Millimiz birinci olsaydı, nəticəni bəyənmək olardı. Uğursuzluq olarsa, növbəti mərhələdə vəziyyət çox çətin, güclü yığma komandalar olacaq”.
UEFA Millətlər Liqasının C Liqasının I qrupunda mübarizə aparan Azərbaycan yığması 4 oyundan 4 xalla 3-cüdü. Lüksemburqla Monteneqro 9 xalla ilk iki yeri bölüşdürür. Kipr 1 xalla sonuncudu.
Azərbaycan yığması son iki oyunda – noyabrın 14-də Monteneqro, 17-də isə Lüksemburqla qarşılaşacaq.
saytlarin hazirlanmasi