Azərbaycan millisinin baş məşqisi Canni De Byazi Millətlər Liqasının V turunda Monteneqro ilə matçdan sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis razı qalmadığını söyləyib:
“Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm. Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdı. İkinci hissədə imkalarımız oldu, ancaq istifadə edə bilmədik. Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Oyunun gedişində dəyişiklik etsək də, istədiyimizi ortaya qoya bilmədik.
Hücumda çatışmayan əsas məqam çoxala bilməməyimizdi. Cinahlar hücuma daha fəal qoşulmalı idi. Misal üçün, Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odu ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindi.
Abbas bizim üçün çox vacib oyunçudu. Sloveniya ilə oyunda ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq”.