Canni De Byazi: "Daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam"

21:25 - 16 Noyabr 2020

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Lüksemburqla səfər matçından əvvəl fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında söyləyib:

“Qrupun son oyunudu. 8 ildi birlikdə oynayan komandaya qarşı mübarizə aparacağıq. Biz isə indiyədək cəmi 30 məşq keçirmişik. Komanda yavaş-yavaş inkişaf edir. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik. Hücumda son anda dəqiqlik çatışmır. Sabah çətin oyun olacaq. Onu deyə bilərəm ki, debüt oyunumuzdan fərqli olacaq.

Düşünürəm, Sloveniya ilə oyunda heyətdə eksperiment apardıq. Sabah isə ən yaxşı heyətimiz meydanda olacaq. Təəssüf ki, müxtəlif səbəblərdən Abbas Hüseynov, Təmkin Xəlilzadə və Rahil Məmmədov komandaya kömək edə bilməyəcək. Bizim üçün vacib oyundur və çalışacağıq ki, son oyunda qalib gələk.

Yaxşı oyunçularımız var. Futbolçuların qidalanmasından tutmuş istirahətlərinədək hər kiçik detala diqqət yetirirəm. İlk gündən dediyim kimi, mentaliteti dəyişməliyik. Onlara izah etmişəm ki, potensialları var. Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam. Futbolçular öz potensiallarına güvənməlidilər”.

Xəbər xətti