Erməni generalın evinə girən "Neftçi"nin məşqçisi gördüklərini danışdı

11:44 - 14 Dekabr 2020

Vətən Müharibəsində futbol camiəsindən olan kifayət qədər tanış simanın adına rast gəlindi.

Sportal.az xəbər verir ki, onlardan biri də Ağakişi Mehdizadə idi.

Futbol ictimaiyyəti arasında “Bobo” kimi tanınan Ağakişi.

Vaxtilə “İnter”də Kaxaber Tsxadadzenin “sağ əli” hesab olunan, sonradan elə həmin mütəxəssislə Gürcüstan millisində çalışan, son olaraq “Neftçi”də Tərlan Əhmədov üçün rəqiblərin təhlilini aparan Mehdizadə 2017-nin dekabrında adı oyun nəticələrinin manipulyasiyasında hallandığı üçün futboldan ömürlük uzaqlaşdırıldı.

Ağakişi müharibənin qızğın vaxtında döyüş bölgəsində vuruşub, yaralandığı üçün bir müddət hospitalda müalicə olunub, sonra yenidən ön cəbhəyə tələsən qardaşlardan idi. Bir çoxları kimi, o da artıq evində, ailəsinin yanındadır.

- Necə deyərlər, həmişə evində-eşiyində. Nə vaxt gəldin?

- Dünən buraxdılar. Sənəd veriblər, sabah onu aparıb komissarlığa təqdim edəcəm. Həmin sənədə əsasən hərbi biletim gələcək.

- Təxris olunmaqla ilə bağlı qaydalar necədir? Hansı əsasla buraxırlar, bilmirsən? Çünki gözləri yolda qalan valideynlər var.

- Açığı, qanunlardan xəbərsizəm. Nə gizlədim, özüm də belə tez təxris olunacağımı gözləmirdim. Çünki bizimlə birgə kəşfiyyat taborunda olan uşaqlardan bir qismini Laçına apardılar. Düşünürdüm ki, onlar qayıdandan sonra bizi buraxarlar. Yanvardan tez olmayacağını təxmin edirdim. Noyabrın 16-da hospitaldan çıxıb Cəbrayıla yollandım, o vaxtdan ordaydım. Bəlkə də müharibədə yaralananları, müxtəlif xəsarətlər alanları daha tez buraxırlar.

- Tək səni buraxdılar?

- Yox-yox, məndən başqa da uşaqlar vardı. Cəbrayılda 3-4 nəfər yığışıb, Füzuliyə gedən “Qazel”ə minib yola düşdük. Oturmağa yer də yox idi, ayaqüstə getdik. Ordan da taksiylə birbaşa evə.

- Müharibə başa çatandan sonra hardaydın?

- Cəbrayılda. Bizim briqada Cəbrayılda yerləşdirilmişdi. Briqadalar işğaldan azad olunmuş torpaqlar üzrə bölünərək mövqe tutub.

- Çox qabağa getdik, qayıdaq sentyabra. Nə vaxt getdin, necə getdin, nələrlə qarşılaşdın?

- Sentyabrın 28-i axşam qapımızı döydülər. Bildirildi ki, səhər filan saatda hərbi komissarlıqda olmalıyam. Səhər getdim, günortaya kimi orda qaldıq, günortadan sonra hamımızı “Nasosnı”dakı (Hacı Zeynalabdin Tağıyev qəsəbəsi – H.) hərbi hissəyə göndərdilər. Hərbi xidmət dövründə kəşfiyyat taborunda olduğum üçün bu dəfə də kəşfiyyatçıların sırasına qoşuldu. Tərifləmək kimi çıxmasın, hərbi xidmətdə olanda nümunəvi əsgər kimi mənə Tərifnamə verilmişdi, məzuniyyətə buraxmışdılar. “Nasosnı”da qaldığımız 4 gün ərzində 88 nəfər kəşfiyyatçı yığıldı, müəyyən təlimlər keçdik. Silahlar, gecə görmə cihazları, qısası, döyüş üçün lazım olan ləvazimatları təhvil alandan sonra cəbhə bölgəsinə yollandıq. Oktyabrın 3-ü idi, birbaşa Füzuliyə getdik.

- Sona qədər də orda qaldız?

- Füzulidə bir gün qalandan sonra döyüş istiqaməti Hadruta verildi. Birbaşa döyüşə girdik, atışmaya. Bizim XTQ (Xüsusi Təyinatlı Qoşunlar) Hadruta daxil olmuşdu, biz də onların arxasınca gedirdik. Onda qəsəbə tam boşalmamışdı, yerli camaat qaçhaqaçda idi, düşmən ordusu təpələrdə mövqe seçmişdi. Demək olar, göz-gözə döyüş gedirdi. Onlar Hadrutu bu cür asanlıqla itirəcəklərini gözləmirdilər. Müharibə əsasən uzaq məsafədən artilleriya atışları ilə müşahidə olunurdu. Cəbhədə olduğum vaxtda düşmənlə üzbəüz atışmanı ilk dəfə Hadrutda gördüm. Ən vacib təpələr var idi ki, onları almalıydıq ki, 3-4 günə həmin təpələr artıq bizdə idi. Təpələri tam alandan sonra qəsəbəyə, ardınca digər kəndlərə girdik.

- Müharibə hələ də davam edir...

- Əlbəttə. Hadrutu alandan sonra bizi Cəbrayıla gətirdilər. Orda 2 gün istirahət edəndən sonra bu dəfə Xocavənd istiqamətinə yollandıq. Xocəvəndin Tuğ kəndini almalı, ardınca ətraf kəndləri işğaldan azad etməliydik. Açığı, Hadrutla müqayisədə bu dəfəki döyüş nisbətən rahat alındı. Çünki böyük üstünlüyə sahib idik və durmadan düşmənin üzərinə gedirdik. Hadrutda isə müharibə ab-havasında yeniydik, nə etməli olduğumu, bizi nələrin gözlədiyini öyrənirdik. Növbəti ağır döyüşlərdən sonra bir günlük istirahət verildi. Ardınca yenidən Füzuli istiqamətinə yön aldıq. Oktyabrın 23-ü idi, günorta. “Beton” deyilən yer vardı, əsgərlikdə, müharibədə olanlar oranı yaxşı tanıyır. Alınması çox çətin görünən yeri idi, işğaldan azad etməliydik. Ağır tapşırıq idi deyə, üç hərbi hissənin kəşfiyyat qrupları birləşmişdi.

- Dediyin əraziyə çatmısız, yoxsa ora doğru getməlisiz?

- Ora getməliydik. Yük maşınlarına doluşub həmin istiqamətə yollanmalıydıq. Tapşırıq verilib, maşınlar maksimum sürətlə hərəkət etməlidir ki, düşmən bizi nişan ala bilməsin. Torpaq yolda yük maşınları sürətlə irəlilədikcə toz-tuman aləmi bürüyürdü. Elə oldu ki, bizdən öndə gedən iki maşın ermənilər tərəfindən vuruldu. Maşınlar dərhal yandı, bəzi qardaşlarımız şəhid oldu. Həmin anda bizi aparan və arxadan gələn maşınlar da yoldan çıxıb, dərəyə yuvarlandı. Göz-gözü görmürdü deyə, sürücü yolu itirmişdi. Təsəvvür edin, yük maşını, arxasında 30-35 nəfər adam və o vəziyyətdə bir neçə dəfə aşıb dərədən aşağı yuvarlanır.

- Elə oradaca sən və döyüş yoldaşların yaralanırsız.

- Bəli. Kəllə-beyin, döş qəfəsi, sağ bud, çiyin travması ilə xəstəxanaya yerləşdirildim. Bəxtim gətirdi, daha ağır zədələr ala, hətta ölə də bilərdim. “Ural” aşandan sonra öz hayımda deyildim. Kim daha çox zədələnmişdi, qan itkisi gedirdisə, ona yardım edirdik. Maşınlarımız vurulandan, dərəyə yuvarlanandan sonra da dinc dayanmırdılar, artırdılar. Yerimizi bilirdilər deyə, durmadan atəş açırdılar. Dərədə arx, kanal kimi yer var idi, qan itirən uşaqlara orda ilkin yardım göstərirdik. Tibbi yardım gələnə kimi özümdəki ağrıları hiss etmirdim. Bir az keçəndən sonra öz vəziyyətimin də yaxşı olmadığını gördüm.

- Gözünün qarşısında şəhid olan yoldaşlar oldu?

- Əlbəttə, oldu. Ön cəbhədə olan əsgərlərin 80-90 faizi mütləq ki, yanında hansısa yoldaşının dünyasını dəyişdiyini görüb, ya da həyatını itirənləri yoldan keçəndə görüb. Orda dostlaşdığım, zarafat etdiyim, birgə gün keçirdiyim yoldaşlardan şəhid olanlar oldu. “Nasosnı”dan Füzuliyə birgə yollandığım yoldaşlarla söz vermişik, hamı qayıdandan sonra şəhid olan qardaşlarımızın ailələrinə baş çəkib, başsağlığı da verəcəyik, gücümüz çatan köməkliyi də göstərəcəyik.

- Erməni leşləri də görürdüz, başlarını qənimət kimi götürürdüz?

- Görürdüm nədir, həmin proseslərdə özüm də birbaşa iştirak edirdim. Detallı danışmaq istəmirəm, ancaq saysız-hesabsız erməni meyitləri görürdüm.

- Ermənilərdən qənimət götürmək imkanın oldu? Ömür boyu baxıb yada salacağın nəsə, nələrsə.

- Hadrutda generalın evinə girmişdik. Xüsusi hazırlanmış xəncərlər var idi ki, birini götürmüşdüm. “Ural” aşanda onu itirdim. Yük çantamın içindəydi, həmin çantanı itirdim maşın dərədən yuvarlananda. Əslində tapmaq olardı. Sadəcə, həmin vaxt çanta hayında deyildik.

- Kəşfiyyatçı olmusansa, erməni evlərinə girmək tapşırığı əsasən sizdə olub.

- Əlbəttə. Girirdik.

- Ən çox nə tapırdız?

- Nə istəsən. Ev-eşiyini qoyub, canını götürüb qaçan insanların evləri idi. Evdə. həyətdə işlədilən nə varsa, tapılırdı. Bilgisayarlar tapırdıq, dərhal komandirlərə təhvil verirdik ki, içində lazımlı məlumatlar ola bilər. Çünki o ərazilərdə hərbçi evləri çox idi. Əsasən mal-heyvanlara sevinirdik. Ac olan vaxtlarda hansısa heyvanı kəsib, özümüzə yemək hazırlayırdıq. Evlərin zirzəmilərindən kompotlar, turşular tapırdıq.

- Müharibənin özü ömürlük yaddaşına “oturdu”, bu öz yerində. Xüsusi olaraq xatırladığın hadisə hansı oldu?

- Hamısı yaddaqalandır, birini digərindən ayırmaq çətindir. (bir qədər düşündükdən sonra) Hə, ölümdən qayıtdığım anı danışım. Hadrutdaydıq, gecə hücuma keçməliydik. Həmişə olduğu kimi, öndə XTQ, arxada biz. Məqsəd vacib təpələrdən birini ələ keçirmək idi. Təpə almaq üçün hücuma başlamazdan əvvəl təchizat tədarükünü görməlisən ki, sonra gülləsiz, susuz, yeməksiz qalmayasan. Bir neçə saat ancaq daşıma ilə məşğul olduq. Əməlli-başlı yorulmuşduq, paltarlarımız da tərdən su içindəydi. 18 nəfərlik qrupla özümüzə daldanacaq tapdıq ki, bir müddət dincələk, enerji toplayıb qəfil hücuma başlayaq. Gecə vaxtı, şaxta adamı kəsir, hücum planı qururuq, bir də gördük onlar tərəfdən SU-25 təyyarəsi havaya qalxdı. Başladı həm biz olan, həm də ətrafdakı təpələri, dağları kaset bombaları ilə atəşə tutmağa. Hamı həyatdan əlini üzmüşdü. Başımızı, qulaqlarımızı tutub, bir-birimizə sıxılıb, Allaha dua edirdik ki, sağ çıxaq. Elə bilirdik, 100 faiz yerimizi bilirlər, sadəcə, dəqiq tuşlaya bilmirlər. Sən demə, qorxutmaq üçünmüş. Birinci dəfə fırlanıb bombaları boşaltdı, ikinci dəfə boşaltdı, üçüncü dəfə gəlməyəndə anladıq ki, bizi görməyiblər. Ondan sonra canımızda üşümə yox, istilənmə əmələ gəldi. Sanki ölüb, yenidən dirildik. O bombalardan biri üstümüzə yox e, yanımıza düşsəydi, heç kim sağ çıxmayacaqdı. Səhərə yaxın hücuma keçdik. İnanırsız, hadisəni sizə danışıram, tüklərim biz-biz olur.

- 10 ilə yaxın futbol sahəsində çalışmısan. Cəbhədə futbol ictimaiyyətindən tanıdığın kimlərisə görmək imkanın oldu?

- Şəxsən tanımadığım, ancaq orda tanış olduğum insanlar oldu. Biri elə tağım komandirim Elnur Mürsəlov. Sumqayıtdandır, vaxtilə özü də futbol oynayıb. Hansı illərdə, hansı komandalarda – dəqiq bilmirəm, amma futbolçu olub. 47 yaşı var idi, səfərbərliklə cəlb olunmuşdu. Zaqataladan Elnur Xəlilov vardı, 1996, ya da 1997 təvəllüd idi, bizimlə birgə kəşfiyyatda idi. Başqa taborlarda, bölüklərdə vaxtilə futbol oynamış əsgər və zabitlər var idi. Hospitalda olanda “Qəbələ”nin prezidenti Fariz Nəcəfovun, Yaşar Seyidovun oğlu Valehin də ön cəbhədə olduğunu mətbuatdan oxudum.

- Hospital demişkən, neçə gün qaldın orda?

- 15 gün qaldım, amma daha çox qala bilərdim. Çünki tam sağalmamışdım. Müalicə üçün Şəmkirə göndərirdilər, istəmədim. Darıxırdım, dostlarımın yanına getmək istəyirdim. Cəbhədəki uşaqlarla danışırdım, mənə Xocavənddə olduqlarını deyirdilər, acıq verirdilər. Mən hospitaldan çıxıb Böyük Tağlar kəndinə yollandığım gün müharibə başa çatdı. Amma özümü uşaqların yanına çatdırdım. Xocavəndi görmək ən böyük arzum idi. O vaxt hərbi xidmətdə olanda qarşımızda bir dağ var idi, o dağın arxası Xocavənd idi. Həmişə öz-özümə “görəsən necə yerdir” sualını verirdim.

- Evə gələndə özünlə nə gətirdin?

- Özüm bir tərəfə, atama bir-iki şey söz vermişdim. Suvenir əşyalardır, bir də erməni siqareti-filan. Onları da tələsik çıxdıq deyə, gətirə bilmədim. Uşaqlardan xahiş etmişəm, təxris olunanda gətirəcəklər. Hətta mülki geyimim də orda qaldı, paltarları dəyişməyə vaxtım olmadı (offsideplus.az).

 

Xəbər xətti