Ramal Hüseynov: "AFFA rəhbərliyi pulu düşünür, futbolu yox" - MÜSAHİBƏ

13:56 - 26 Yanvar 2021

Azərbaycan millisinin keçmiş futbolçusu Ramal Hüseynovun Sportal.az-a müsahibəsini təqdim edirik:
 
- Nə işlə məşğulsunuz?
- Hazırda işsizəm. Məşqçi kursuna qatılıb, C kateqoriyası almışam. Özüm də bu sahədə çalışmaq istəyirəm, amma klublardan təklif yoxdur. Bu qədər komandalarda oynamışam, amma heç biri bu gün məni işə dəvət etmir. Bunun səbəbini də bilirəm. Kimlərin əlləri var, hamısından xəbərdaram. Mən haqqı deyən insanam. Buna görə də xoşlarına gəlmirəm. Başqa səbəb yoxdur.
 
 
- Premyer Liqanı izləyirsiniz?
- İzləyirəm, amma buna da peşman oluram. Açığı, futbola nifrət eləmək istəyirsənsə, bizim çempionatı izlə, bəs edər. Nəsə bizim oyunlara baxanda iyrənirəm. Azərbaycanda artıq futbol yoxdur.
 
- Sizin dönəminizdəki yarışla indiki çempionatın fərqi nədir?
- Fərq çox böyükdür. Bizim vaxtda çempionatda 16 komanda mübarizə aparırdı. O vaxt Tovuz, Qazax, Qusar, Yevlax,  Zaqatala, Lənkəran kimi səfərlər olurdu. Stresslə gedirdik, düşünürdük ki, görəsən, səfərdə azı 1 xal qazana biləcəyik? İndi oynamağa nə var ki? Çıxıb 90 dəqiqəni yola verirlər. Hər bir oyuna 15-20 dəqiqə baxmaq kifayət edir ki, hansı komanda udacaq. Ortada da nə mübarizə, nə rəqabət var. Bir sözlə, bizdə futbol yoxdur.
 
- Sizcə, bu mövsüm Premyer Liqada qalib kim olacaq?
Məgər “Qarabağ”dan başqa komanda varmı? Düzdür, indi "Neftçi" də bu marafona qoşulub. Ancaq onlar sona qədər davam gətirə bilməyəcək. Yenə də çempion "Qarabağ" olacaq. Onların oturuşmuş heyəti var.
 
- Milli komandanın oyunlarını izləyirsiniz? Yığma komanda barədə fikirləriniz necədir?
- Hərdən izləyirəm, amma deyim ki, milli çox pis təsir bağışlayır. Millinin adı var, futbolu yoxdur. Belə futbol oynamırlar. Lüksemburqla matça baxmışdım, komanda olduqca zəifdir.
 
- Yığma komanda Canni De Byazinin rəhbərliyi ilə qrupda 5 xal topladı. İtaliyalı mütəxəssisi postunda saxlamaq doğru qərardır?
- Elə ən böyük səhv budur. Belə nəticə ilə məşqçini saxlamaq doğru deyil. Mən olsaydım, yığmanı yerli mütəxəssisə tapşırardım. Heç bu şansı millidə Qurban Qurbanova vermədilər. Əcnəbilərə verilən dəstək, Qurban Qurbanova edilsəydi, millimiz yavaş-yavaş düzələrdi. Federasiyanın ən böyük səhvi o oldu ki, Qurbanova dəstək olmadı.
 
- U-21 millisinin çalışdırıcısı Milan Obradoviç də postunda qaldı.
- U-21 millisi və əsas yığma oyun nümayiş etdirmirdilər. Nəticə olmadı, ortada futbol yoxdur. Bu əcnəbilərin işi həddindən artıq pis oldu. U-21-ə də yerli mütəxəssis təyin edilməlidir.
 
- De Byazi açıqlama vermişdi ki, Premyer Liqanın səviyyəsi aşağıdır. Obradoviç isə ona zaman lazım olduğunu deyib.
- Onlar özlərini sığortalamaq istəyirlər. Fikirləri pul qazanmaqdır. Onların nə niyyətlə gəldiklərini bilirik. Bura onlardan da güclü məşqçilər gəlib. Onlara Azərbaycan futbolu maraqlı deyil. Əgər maraqları olsaydı, nəticəmiz olardı. Onları düşündürən maliyyədir.
 
- Federasiya əcnəbi mütəxssislərə niyə daha çox güvənir?
- Federasiyada oturanların heç biri futbolu bilmir. Qurumun prezidenti və hətta köməkçisi də futbolla əlaqəsi olmayan şəxslərdir. Onlar sadəcə futbola maliyyə ayırırlar. Bəlkə də De Byazinin kim olduğunu bilmirdilər. Ətraflarındakı insanlar başa salıb, onlar da pul verib, gətiriblər. O pul da yəqin ki, yeyinti olaraq gedir, ortada da bir şey yoxdur.
 
- Demək istəyirsiniz ki, federasiyada futbolu düşünən adam yoxdur?
-  Federasiyada bunu düşünən olsaydı, yəqin ki, futbolumuz yaxşı səviyyədə olardı. Çempionatda 8 deyil, 12-14 və ya 16 komanda olardı. Onlar pul düşünürlər, futbolu yox və bu da onlara sərf edir. Mən belə fikirləşirəm. Göz qabağında olan şeydir.
 
- Azərbaycan futbolunu quyunun dibindən çıxarmaq üçün nə etmək lazımdır?
- Federasiyadan asılıdır. Uşaq futbolu yoxdur. Aşağılardan oyunçu yetişib, əsas komandaya gəlmir. Çempionatda 8 komanda var və onlar da daha çox əcnəbilərə güvənirlər. Uşaq futbolunda çalışan məşqçilərin çoxu da kənardan gələn insanlardır. Tapşırıqla, tanışlıqla işə gələnlər var. Futbolu bilən insanları yaxın buraxmırlar. Federasiya görmür bunu? Çox yaxşı bilirlər və maraqlanırlar. Əgər maraqlanırlarsa, niyə Rövnəq Abdullayev və Elxan Məmmədovun məndən məlumatı yoxdur? Mən Türkiyə Super Liqasında oynamış futbolçu olmuşam. Bundan əlavə, bütün milli komandalarımızda çıxış etmişəm. Görünür, xəbərləri olsaydı, elə məndən də məlumatları olardı. Onların xəbəri yoxdursa, federasiyada çalışan veteranlarımız var, heç olmasa onlar maraqlansınlar ki, kim haradadır, nə işlə məşğuldur.
 
- Futbol ictimaiyyəti veteranları qınayır ki susurlar, etiraz etmirlər.
- Şahin Diniyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov bildiyim qədər federasiyada çalışırlar. Onların səsi niyə çıxmır? Görünür, onlara da Azərbaycan futbolu maraqlı deyil artıq. Əsas odur ki, pullarını alsınlar, boş-boş vaxtlarını keçirsinlər. Bu dəqiqə öndə olan onlardır və etiraz etməlidirlər. Amma səsləri çıxmır. Futbolumuz nə günə qalıb ki, çempionatda 8 komanda var. Pula görə səsləri çıxmır.
 
- AFFA Məşqçilər Komitəsindəki veteranlar açıqlama verəndə belə başa düşmək olur ki, Azərbaycan futbolunda hər şeyin qaydasında olduğunu düşünürlər.
- Çünki onlara belə sərf edir. Onların heç vecinə deyil ölkə futbolu, aylıq maaşlarını alıb, susurlar. Hələ onlara kənara qalsın, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev müsahibəsində demişdi ki, millimiz yaxşı oynayır, nə istəyirsiniz məşqçidən.Bu da bizim veteran futbolçumuz... Utanmadan belə sözlər deyir. Tanınmış veteran futbolçu belə deyirsə, mənim daha sözüm yoxdur. 
 
- Gənc veteranlara sözünüz nədir?
- Birlik olmalıdır. Futbolu inkişaf etdirməliyik. Federasiyada veteran futbolçular da olmalıdır. Qurumda futbol adamları olmalıdır ki, inkişaf da olsun. Bəziləri var ki, aya 5-3 manat alıb, səsini çıxartmır. Məni yandıran odur ki, futbolçu 2-3 manata görə səsini kəsirsə, deməli, onun marağında futbol yoxdur, düşüncəsi puldur. Kimdənsə qorxmaq, işi itirməkdən çəkinmək lazım deyil. Bu gün vəzifədə olanlar sabah olmayacaqlar, amma biz həmişə futboldayıq. Millət də görür ki, ölkədə futbol yoxdur. Mən demirəm ki, biz o vaxtı söküb-dağıdırdıq, uduzduğumuz oyunlar çox idi, amma mübarizə aparırdıq. Ancaq indi elə şeylər deyirlər ki, adam pis olur. Veteranlara sözüm budur ki, çəkinməsinlər, sözlərini desinlər. Həyata bir dəfə kişi kimi gəlirik, bacaraq ki kişi kimi də gedək. İnsan həyataa bir dəfə gəlir, nədənsə çəkinmək lazım deyil, olanları söyləmək lazımdır.
 
Mehman

Xəbər xətti