Qurban Qurbanov: "Donald Geryenin hərəkəti kluba qaşrı hörmətsizlikdir"

18:55 - 28 Yanvar 2021

Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış “Qarabağ” – “Səbail” (4:0) oyunundan sonra təşkil olunmuş mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

 

- Vacib qələbə idi. Futbolçularda bir qədər həyəcan görünə bilər. Bu rəqblə ilk oyunda heç-heçə olmuşdu. Qələbə bizi 1-ci yerə yüksəldəcəkdi. “Səbail” çox ciddi müqavimət göstərdi. “Neftçi” ilə matçda da rəqibə qarşı çox layiqli futbol oynamışdılar. Ona görə bəzi epizodlarda çətinliklərimiz oldu. Ümumən komanda qələbə üçün lazım olan hər şeyi etdi. Komandanı təbrik edirəm.

 

- Filip Ozobiçin durumu nə yerdədi?
- Müalicəsi davam edir. Ayın 5-nə kimi komandaya qoşulmayacaq. Ondan sonra ümumi məşqlərə başlaması ehtimal edilir. Ola bilər bir neçə gün də sonraya çəkilsin. Həkimlərin qərarına baxacağıq.

 

- Donald Geryenin əvəzedici heyətə göndərilməsi hansı müddətə nəzərdə tutulub?
- Hələ tam qəti qərar verməmişəm. Düzünü deyim ki, belə məqamlarda çox sərtəm. Hər bir futbolçunun intizamsızlığının çox müzakirə olunmasını istəmərəm. Amma bunsuz da mümkün deyil. Özünü idarə etməsinə, necə göstərməsinə, cəzaya necə yanaşmasına görə qərar verəcəyik. Yaxın günlərdə əsas komandaya qayıdışı gözlənilmir. Oyunçuya ehtiyacımız var. Bu gün Maksimi sol cinahda oynadırdıq, ehtiyatda müdafiəçimiz yox idi. Buna baxmayaraq, belə addım atdım. Dəfələrlə demişəm ki, futbolçu həddən artıq ciddi və məsuliyyətli olmalıdı. Gerye ümumən pis oğlan deyil, amma belə mənfi cədhətləri var və bu, onun karyerasına mənfi təsir edir, indiyə qədər də edib. Yaxın zamanda qəti qərar verəcəyik.

 

- Gerye mətbuata açıqlamasında ABŞ-da baş verənlər barədə klubu məlumatlandırdığını, bura gəldikdən sonra sizinlə danışmadığını və 20 min dollar cərimələndiyini, qərarı ədalətsiz hesab etdiyini deyib...
- Qərarın ədalətsizliyinə kimi dediyi bütün şeylər doğrudu. Bəlkə də, ən doğru danışdığı məsələlərdi. Klubdan daim onunla maraqlanıblar, məlumat verməməsi mümkün də deyildi. Özünə nə iləsə bəraət qazandırmalı idi. İş orasındadı ki, ancaq Geryenin belə problemləri olur. Bəzən olub ki, hansısa məqamlara göz də yummuşam. Müəyyən bir yer var ki, ora qədər güzəşt etmək olar. Amma çempionat başlayıb, o hələ gəlməyib. Bu, kluba hörmətsizlikdi. Bəzi insanlar əllərinə fürsət düşəndə istifadə etməyə çalışırlar. 3-5 gün olar, amma 10-15 gün gecikmək qəbuledilməzdi. Bu, ədalətsiz qərar deyil. İntizam kodeksində yazılıb ki, hansı hərəkətə görə nə qədər cərimə edilməlidi. Təəssüf ki, hamı bunu bildi. Halbuki belə şeyləri açıqlamağın tərəfdarı deyiləm.

 

- Buna görə əlavə cərimə ola bilərmi?
- Yox. Doğruları danışıb.

 

- Mahir Emreli çempionatda 10 oyuna 10 qol vurub. Adı bu transfer pəncərəsində də bir neçə klubla hallandı. Müqaviləsi mövsümün sonunda bitir. Bugünlərdə isə yeni menecerlə müqavilə bağlayıb. Demək olarmı ki, Mahirin "Qarabağ"da son mövsümüdü?

-İndi də istəyən komandalar var idi. Sonda danışığımız oldu ki, mövsümün sonuna qədər burda qalsın. Hazırda başqa bir düşüncəmiz olmayacaq. Bütün fikrimizi çempionata cəmləyirik. Yeni menecerlə müqavilə bağlamasından xəbərim yoxdu. Dəfələrlə demişəm ki, futbolçularımız yaxşı klublarda çıxış etsə, buna sevinərik. Yox, daha aşağı səviyyəli klublarda, çempionatda oynasalar, bu, xoş olmaz. Yaxşı komanda olsa, ancaq uğurlar arzulaya bilərik. Ümumən, Mahir kimi futbolçunun komandamızda qalmasını istəyərik. Hər şey qarşılıqlı razılıq əsasında olur.

Xəbər xətti