“İlk dəqiqələrdən maraqlı oyun oldu. Dinamik matç keçdi və bunu gözləyirdik”.
Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokununun 1/4 finalının ilk oyunu çərçivəsində keçirilən “Neftçi” ilə matçdan sonra deyib.
O, ikinci matçın da çətin keçəcəyini bildirib: “Düzdür, səfərdə 1:0-lıq qələbə üstünlük qazandırır. Lakin ikinci matç var. Üstəlik, rəqib “Neftçi” kimi komandadır. Oyuna gəlincə, ilk hissədən mübarizə var idi, qol vurduq. İkinci hissədə daha çox əks-hücumlar üzərində işlədik. Bilirdik ki, “Neftçi” daha çox hücum edəcək. Yaxşı əks-hücumlarımız da oldu”.
Sadıqov “məşqçi kimi ilk ilinizdə kuboku qazanmaq istəyirsinizmi” sualına belə cavab verib:
“Gecə-gündüz bu barədə düşünmürəm. Amma hər hansı yarışın içindəsənsə, sona qədər mübarizə aparmaq lazımdır. Biz də istər çempionatda, istərsə də, kubokda mübarizəmizi aparacağıq”.
Gənc məşqçi rəqibin kapitanı Emin Mahmudovun zədələnməsindən də söz açıb: “Emin təhlükəli futbolçudur, komandanın lideridir. O, meydanda oyunun tempini müəyyənləşdirən futbolçudur. İstəməzdim zədələnsin, meydanı tərk etsin. Ümid edirəm ki, yaxşı olacaq”.
Mütəxəssis “Zirə” futbolçularının aqressiv olmasına da toxunub: “Bizim komandada ilk növbədə nizam-intizam vacibdir. Kimliyindən asılı olmayaraq hər kəs buna əməl etməlidir”.
saytlarin hazirlanmasi