U-21 millisinin keçmiş kapitanı, ötən mövsüm "Zirə"dən ayrıldıqdan sonra klubsuz qalan Nicat Süleymanov Sportal.az-a müsahibə verib.
22 yaşlı yarımmüdafiəçi ruhdan düşmədiyini, təklif gözlədiyini bildirib.
- Ötən mövsüm uğurlu çıxış etsən də, "Zirə"dən ayrıldın. Yeni müqavilə təklif edilmişdi?
- Bəli, 1 illik müqavilə təklif olundu, ancaq sonradan razılıq əldə edilmədi. Mən həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Lakin bu gün klubsuzam. Ancaq təklif gözləyirəm, ruhdan düşmürəm.
- Artıq mövsümün yarısı geridə qalıb. Gənc futbolçuya isə hələ də güvənən yoxdur. Belə olacağını gözləyirdin?
- Ötən mövsümü pis keçirmədim. "Zirə"də uğurlu oyunlarım oldu. Sözün düzü, belə olacağını gözləmirdim. Görünür, taleyimdə belə günlər var imiş.
- U-21 millisinin üzvü olmusan. AFFA-dan sənə kömək etmək istəyən olub?
- Sözün düzü, kimsə maraqlanmayıb. Dəfələrlə millidə kapitan olmuşam. Belə gündə zəng edib maraqlanan olmayıb. Elə bil, belə bir futbolçu yoxdur.
- Klublar niyə yerli oyunçulara maraq göstərmir? Gətirilən əcnəbilər kənarda qalanlardan üstün deyil.
- Bu dəqiqə düşdüyüm vəziyyət məni narahat edir. Hər şey göz qabağındadır.
- Azərbaycanda niyə 22 yaşlı futbolçuya maraq göstərən klub yoxdur?
- Həqiqətən də maraqlıdır. Ötən mövsüm heç də pis oynamadım, çempionatda 4 qol vurmuşdum. Bu da gənc oyunçu üçün normal sayılmalıdır. Başa düşmürəm, bundan artıq özümü göstərmək üçün daha nə etməli idim?
- Klublardan təklif almasan, xaricə yollanmağa can atacaqsan?
- Bir-iki variant var idi. Bəzi məsələlərdə anlaşmadıq.
- Bundan sonrakı planın nədir? Ruhdan düşməmisən?
- Futbol üçün burnumun ucu göynəyir, çox darıxmışam... Nəinki mənim, Allah heç kimin zəhmətini yerdə qoymasın. Gözümü açandan futbolla böyümüşəm, zəhmət çəkmişəm. Bu gün çempionatı kənardan izləmək adama pis təsir edir.
- Formanı qoruya bilmisən?
- Formamı qorumağa çox çalışsam da, oyun praktikası olmadan çox çətindir. Ancaq yenə də məşqləri davam etdirirəm.