Azərbaycan Kubokunun 1/4 finalında keçirilən "Zirə" - "Neftçi" (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, iki görüşün nəticəsinə görə 1:0 üstün olaraq növbəti mərhələyə yüksələn qəsəbə təmsilçisinin çalışdırıcısı matçı belə dəyərləndirib:
- Futbolçularımı ürəkdən təbrik edirəm. Kubok oyunları bir az fərqli keçir. Bu matçlarda komandalar daha çox nəticə üçün oynayır. İlk matçdan sonra üstünlük bizdə idi. Oyunu mərkəzdə aparmaq istəyirdik. İkinci hissədə rəqib sistemini dəyişdi və təhlükəli hücumları oldu. Biz də sistemi dəyişəndən sonra oyun düzəldi. Bu gün inamlı mübarizə aparıb, üstünlüyümüzü dəyərləndirmək bizim üçün çox vacib idi.
- "Neftçi"ni keçmək final şanslarınızı nə dərəcə artırır?
- Hələ növbəti oyuna bir ay yarım var. Rəqibdə yeni baş məşqçi təyin olunub. Bizi yarımfinalda çətin mübarizə gözləyir. Qarşıda çempionat oyunları var və hazırda diqqətimiz bundadı. Yarımfinal oyununa qədər komandaların durumuna görə bir oyun planı quracağıq.
- Rəhbərliyin sizdən tam tələbi nədi? Kubok, yoxsa çempionat?
- Bizim üçün dəyişən bir şey yoxdu. Yolumuzu düz tutub, oyunumuzu yaxşılaşdırmalıyıq. Nə dərəcə alınacağını bilmirəm. İndidən nəyəsə aldanmaq düz olmaz. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Qış fasiləsindən sonra rəqiblərin performansları da dəyişir. Hər zaman məsuliyyətli olmuşuq. Hər oyuna tam məsuliyyətlə və formanın haqqını verməyə çıxırıq. Futbolda qələbə də olur, məğlubiyyət də. Əsas olan yolumuza davam edib, diqqətimizi itirməməkdi.
saytlarin hazirlanmasi