Ukrayna çempionatında çıxış edən futbolçu milliləşdirildi: "Yığmada oynayacağım üçün şadam"

17:53 - 8 Fevral 2021

Ötən həftə milli komandamızın baş məşqçisi Canni De Byazi Antalyada olub.

 

Sportal.az xəbər verir ki,italiyalı mütəxəssisin səfərində məqsəd millimizə dəvəti gözlənilən futbolçuların oyununu izləmək olub. Söhbət Ukrayna Premyer Liqa təmsilçisi “Minay” klubunun üzvləri Anatoli Nuriyev (yarımmüdafiəçi, 24 yaş) və Rüstəm Əhmədzadədən (hücumçu, 20 yaş) gedir.

 

Hər iki futbolçu Antalyada “Veres”ə (Ukrayna) qarşı keçirlən yoxlama matçının (4:0) iştirakçıları olub. De Byazi bu matçı canlı izləyib. Nuriyev 70, Əhmədzadə isə 45 dəqiqə meydanda olub.

 

Oyundan sonra Canni de Byazi hər iki futbolçu ilə ayrılıqda görüşüb. Rüstəm Əhmədzadə azerisport.com saytına açıqlamasında bildirib ki, o, milli komandamızda oynamaq təklifini qəbul edib.

 

“Bu, mənə maraqlıdır. Azərbaycan millisində oynayacağım üçün şadam” – deyə o bildirib.

 

Onun sözlərinə görə, milliyə nə vaxt qoşulacağını hələ bilmir: “Çünki rəsmi sənədləşmə başlamayıb. Amma ümid edirəm ki, hər şey alınacaq”.

 

Nuriyevin dəvəti qəbul edib-etməyəcəyi barədə isə məlumat yoxdur.

Xəbər xətti