"Oyunun gərgin keçəcəyini ilk hissədən bilirdik. Hava şəraiti və Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirdiyimiz oyunların nəticələri bizim üçün əlverişli deyildi".
Sportal.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis eyni rəqiblə ölkə kubokundakı qalmaqallı cavab görüşündən sonra çoxlu söz-söhbətlər üzündən hər iki komandanın maksimumu ortaya qoymağa çalışdığını bildirib.
Baş məşqçi çoxlu sarı və qırmızı vərəqəni bu amillə əlaqələndirib: "Bu gün də sarı və qırmızı vərəqələr çox oldu. Bununla bağlı komanda ilə danışacaq və hətta ola bilsin, bəzi futbolçulara ciddi xəbərdarlıq edəcəyəm. Hakimlər barədə çox danışmaq fikrim yoxdur. Sadəcə, oyunun axarında uduzursansa, psixoloji durum aşağı enir. Bu halda komandanı kökləmək olduqca çətinləşir. Rəqib layiqli qələbə qazandı".
Hacıyev bildirib ki, ilk yarıda buraxdıqları qollar və ikinci hissənin əvvəlində aldıqları qırmızı vərəqədən sonra komandanı oyuna kökləmək çətinləşib: "Rəqibin zəif və güclü tərəfləri dəqiqliklə, hətta artıqlaması ilə çatdırılmışdı. İlk hissədə bizim də qol epizodlarımız oldu. Topları fərdi səhvlərdən buraxdıq. İkinci hissə başlayan kimi isə Peyman Keşavarzi qırmızı vərəqə aldı. Məncə, baş hakim Vüqar Həsənlinin bu qərarı sərt oldu. Çünki həmin vaxt Keşavarzidən arxada 5 oyunçu var idi. Kubok oyununda da hakim səhvləri oldu. Amma bunun üzərində çox dayanmaq istəmirəm".
Baş məşqçi məğlubiyyətə müdafiədəki səhvlərin xeyli çoxalmasını səbəb göstərib. Onun sözlərinə görə, mövsümün ikinci hissəsində buraxdıqları qollar xeyli çox olub: "Geniş heyətimizin olduğunu düşünmürəm, rotasiya etmək olmur. Məğlubiyyət bizi ayıltmalıdır. Gələcəkdə səhvləri azaltmağa çalışacağıq. Kubokda mübarizəni dayandırmağımızın bizə psixoloji təsir etdiyini deməzdim. Oyunun əvvəllərində iki qol epizodumuzdan yararlansaydıq, nəticənin necə alınacağını bilmək olmazdı. Biz fərdi səhvlərlə məğlubiyyətimizi asanlaşdırırıq. Sonradan isə əvəzini çıxmağa futbolçularımızın ustalıq səviyyəsi çatmır. İlk hissədə 0:2 hesabı ilə uduzduqdan sonra oyunu çevirmək çətin oldu".
Hacıyev uzatma dəqiqələrində Kamran Ağayevə birbaşa qırmızı vərəqə göstərməklə də baş hakimin doğru qərar vermədiyini vurğulayıb: "Orada sonuncu ümid folu yox idi. Kobud oyuna görə meydandan qovulubsa, bununla bağlı fikir bildirmək çətindir. Artıq oyunun sonu idi, meydanda qalması belə nəticəyə təsir etməyəcəkdi. Onun barədə fikir bildirmək istəmirəm. Kamranın futbola qayıtmasının özü böyük hadisədir".
Təcrübəli mütəxəssis hazırda "Səbail"də çıxış edən Amil Yunanovun keçmiş klubu "Sumqayıt"a Azərbaycan Kubokunun 1/4 final oyununda qol vurduqdan sonra səsləndirdiyi aşağılayıcı fikirləri doğru saymayıb. Onun fikrincə, hər hansı futbolçu keçmiş komandasına qarşı düzgün ifadələr işlətmədikdə rəqibi motivasiya etməsi halları olur: "Düşünmürəm ki, Amil Yunanova qarşı "Sumqayıt" ədalətsizlik edib. Özü ilə söhbət etmişik. Bu məsələ üzərində çox dayanmaq istəmirəm".
Bu məğlubiyyətin "Səbail"i yolundan döndərməyəcəyini deyən Hacıyev uğursuz nəticələrin maliyyə problemləri ilə əlaqələndirməyib: "Pandemiyan dövründə çətinliklər təkcə bizdə yox, bütün komandalarda var. Amma bu amili qabartmaq istəmirik. Çünki mənfi təsir edə bilər. Rəhbərlik də əlindən gələn dəstəyi verməyə çalışır" (Report).
saytlarin hazirlanmasi