Derbilərdə görünməmiş hadisə: 4 qırmızı vərəqə

12:23 - 15 Fevral 2021

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyununda (1:2) 4 qırmızı vərəqə göstərilib.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərindən Kevin Medina, qonaqlardan Ömər Buludov, Mamadu Kane və Voislav Stankoviç meydanı vaxtından əvvəl tərk edib.

 

Bu, “Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbilərində ən çox qırmızı vərəqənin göstərildiyi oyundur. 82-ci dəfə ölkə çempionatında üz-üzə gələn komandaların duellərində heç vaxt bu qədər oyunçu meydançadan kənarlaşdırılmayıb.

 

Ümumiyyətlə ölkə çempionatları tarixində bir matçda 4 qırmızı vərəqəyə sonuncu dəfə 2014/15 mövsümündə təsadüf olunub. 2014-cü il noyabrın 24-də keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (2:2) matçında komandaların hərəsinin iki futbolçusu qırmızı vərəqə alıb.

 

Bir komandanın eyni oyunda üç qırmızı vərəqə ilə cəzalanması isə sonuncu dəfə 2015/16 mövsümündə qeydə alınıb. 2015-ci il oktyabrın 18-də “Rəvan” “Kəpəz”lə ev oyununu (0:2) 8 futbolçu ilə başa vurub.


“Neftçi” isə Azərbaycan çempionatları tarixində ikinci dəfə bir qarşılaşmada üç qırmızı vərəqə ilə cəzalanıb. İlk belə hadisə 2013/14 mövsümündə yaşanıb. 2014-cü il fevralın 9-da keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçının (2:2) sonlarında meydan sahibləri bir, qonaqlar üç oyunçusunu itirib. Qalmaqallı görüşdə Tərlan Quliyev 89-cu, Karlos Kardoso və Bruno Bertuççi, həmçinin meydan sahiblərindən Ağabala Ramazanov 90+4-cü dəqiqədə cəzalanıb.

 

Xəbər xətti