AFFA millinin hücumçusunu “Boavişta”ya aparır

09:57 - 16 Fevral 2021

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən legioner həyatı yaşaya bilər.

 

Sportal.az xəbər verir ki, AFFA “Sabah”ın forvardının ölkə xaricinə yollanmasına maraqlıdır.

 

25 yaşlı oyunçunun 2016-cı ildə Türkiyə klubu “Trabzonspor”a keçidində vasitəçilik edən assosiasiya bu dəfə Şeydayevi Portuqaliyaya aparmağa çalışır.

 

Vaxtilə Emin Mahmudov və Kamran Ağayevin keçidi zamanı “Boavişta” ilə əlaqələrini möhkəmlədən AFFA rəsmiləri Ramilin də bu yolla addımlamasına şərait yarada bilər.

 

Oyunçu özü də yenidən şansını başqa ölkədə sınamaqda maraqlıdır.

 

Portuqaliya yüksək liqasında autsayderlərdən olan “Boavişta” ilə danışıqlar davam edir. Tərəflər ortaq məxrəcə gələrsə, millimizin üzvü mövsümün sonunda Porto klubuna azad agent kimi keçəcək. Çünki onun “Sabah”la müqavilə müddəti yayda bitəcək.

 

“Zenit”in yetirməsi olan Ramil Şeydayev “Rubin”, “Trabzonspor”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” ilə yanaşı, ölkəmizdə də “Qarabağ”ın formasını geyinib (apasport.az).

Xəbər xətti