Premyer Liqanın 17-ci turunda "Səbail"lə oyunda "Qarabağ"ın yeganə qolunu vuran Xayme Romero klubun saytına açıqlama verib. Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının dərdinə şərik olduğunu deyib və daha sonra oyun barədə fikirlərini bölüşüb:
"Əvvəlcə Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına səbir diləyirəm. Mən kluba gələndə bu faciə ilə bağlı mənə məlumat verilib. Azərbaycan xalqının dərdinə şərik olduğumu demək istəyirəm. Oyuna gəlincə, çempionatda qələbə qazanmaq asan başa gəlmir. Əksər komandalar bizə qarşı qapanıb, yaxşı müdafiə olunurlar. Həmin müdafiə xəttini yarmaq isə asan deyil. Bu oyun da belə oldu və deyərdim ki, matç daha çətin keçdi. Sonda qələbə qazandıq və bundan çox məmnunam".
30 yaşlı futbolçu komandada keçirdiyi 48-ci matçında 10-cu qolunu vurmağa müvəffəq olub. Romero cərimə zərbəsindən vurduğu möhtəşəm qol barədə bunu söyləyib:
"Cərimə zərbəsini yerinə yetirməmişdən əvvəl düşünürdüm ki, topu cərimə meydançasına ötürüm, yoxsa qapıya vurum. Qapıya baxdım və fikirləşdim ki, yaxşı mövqeydir. Ona görə də qərara aldım ki, topu qapıya vurum. Nəticədə qol oldu və bu, komandamıza vacib qələbə qazandırdı. Çempionluq yarışında vacib 3 xal əldə etdik. Buna görə çox məmnunam. Çalışacağıq ki, qələbə seriyasını davam etdirək".
saytlarin hazirlanmasi