Fariz Nəcəfov: "Qəbələ"nin oyunu hər kəsin rəğbətini qazanır" - MÜSAHİBƏ

16:38 - 4 Mart 2021

Sportal.az "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfovun müsahibəsini təqdim edir:

 

- "Qəbələ" əvvəlki illərlə müqayisədə bu mövsümün əvvəlindən maddi problemlərlə üzləşdi. Yaranmış durumu nəzərə alsaq, klubunuzun hazırda Premyer Liqada tutduğu mövqeni qənaətbəxş saymaq olarmı?

- Əslində məsələni bir qədər dəqiqləşdirsək, mövsümün əvvəlində maddi problemlə yox, büdcə azalması ilə üzləşdik. İlk mövsüm deyil ki, belə halla qarşılaşırıq. Yəqin ki, beşinci mövsümdür hər futbol ilinə belə başlayırıq. Lakin təsdiqlənmiş büdcə ilə bağlı hansısa ciddi çətinlik olmayıb və fikrimcə, bu, ən önəmlisidir. Kiçik, lakin sabit xərclərlə fəaliyyətimizi davam etdiririk. Komandanın çıxışı klub rəhbəri olaraq, məni qane edir. Eyni zamanda bir neçə istisna matç olmaqla, görürük ki, oyunumuzda inkişaf var. Əlbəttə, yerimizdə dayanmaq olmaz, çatışmazlıqlar var və bunun üzərində işləməliyik.

 

- Pandemiyaya görə bəzi klublarımızda maddi sarıdan problem yaşandı, maaşlarda gecikmələr oldu. Bu baxımdan, "Qəbələ"də durum necədir?

- Qeyd etdiyim kimi, klubumuz bu mövsüm üzərinə böyük öhdəliklər götürməyib. Xərclər minimal şəkildə formalaşdırılıb. Demək olar ki, mövsüm ərzində bu yöndə problem yaşanmayıb.

 

- Son dövrlər “Qəbələ”nin hakimliklə bağlı etirazları çoxalıb. Sizin bu məsələyə dair mövqeyiniz necədir?

- Deməzdim ki, tək klubumuz, son turlarda bir çox komanda bu yöndə etiraz edib. Çempionatın ən önəmli mərhələsinə qədəm qoyuruq. Buna baxmayaraq, hər kəs bu ildən ilk dəfə keçirilməyə başlayacaq Konfrans Liqası iddiasındadır. Bu səbəbdən hər hakim səhvi mövsümün gedişatına ciddi təsir göstərir və etirazlar çoxalır. Bizim klubun son turlarda etirazı əlbəttə ki, haqlıdır. Futbol ictimaiyyəti də, mətbuat da bu yöndə bizim mövqeyimizə şərikdir. Ümid edirəm ki, bundan sonra oyunlarımızda hakimlik müzakirə mövzusu olmayacaq.

 

- Baş məşqçiniz Elmar Baxşiyev komandanın qarşısına avrokuboka düşmək kimi bir hədəf qoyulmadığını deyib. Bir klub prezidenti kimi deyə bilərsinizmi, bu mövsüm “Qəbələ”nin Premyer Liqada məqsədi nədən ibarətdir?

- Mövsümün əvvəlində də bildirmişdik ki, bacardığımızın ən yaxşısını etməliyik və yeni oyunçular üzə çıxarmalıyıq. Akademiyamızın daha iki yeni üzvü - İdris İnqilablı və Rüfət Əhmədov Premyer Liqa atmosferini hiss etdilər. Komandamızda önəmli yer tuturlar. Nəticə baxımından daha da yuxari pillələrə yüksəlmək imkanımız davam edir. Amma bu gün bizi növbəti oyun maraqlandırır. Mövsümün sonunda nəticələrimizi dəyərləndirməyə vaxtımız olacaq.

 

- Bir müddət əvvəl bəzi mətbu orqanlarda baş məşqçinizlə bağlı təzadlı informasiyalar yayılmış, onunla yolları ayıra biləcəyinizə dair iddialar səslənmişdi. Bu fikirlər nə dərəcədə əsaslıdır və “Qəbələ” rəhbərliyi Baxşıyevin fəaliyyətini necə qiymətləndirir?

- Açığı, Elmar Baxşıyevin istefası ilə bağlı hansısa yazılar diqqətimi çəkməyib. Bu gün klubda hər kəs işini davam etdirir və məşqçilər korpusu ilə yalnız komandanı müzakirə edirik. Fikrimcə, komandamızın nümayiş etdirdiyi futbol hər kəs tərəfindən rəğbət qazanır. Hətta deyərdim komandan çıxışı ilə daha çox xal qazanmağa layiqdir. Amma mən həm baş məşqçimizə, həm futbolçu heyətinə tam inanıram. Bunu onlarla görüşlərdə də bildirmişəm.

 

- Hazırda "Qəbələ"nin əsas komandasında akademiyanızın futbolçuları çoxluq təşkil edir. Həmin gənc futbolçuların çıxışına qiymətiniz necə olardı?

- Gənc futbolçular üçün klubumuz hər baxımdan maksimum şərait yaradıb. Təbii ki, gözləntiləri qarşılayanlar da var, əksi də. Özləri ilə görüşlərdə də bildirirəm ki, hər oyun, hər məşq onların inkişafı üçün şansdır, istifadə etməlidirlər. Şadıq ki, onlar komandamızın önəmli parçasıdır. Amma mütləq artırmalıdırlar.

 

- Hazırda akademiyanızın yetirməsi olan bir çox futbolçunuz müxtəlif klublarda əsas oyunçulardan sayılırlar. Akademiyanızın gənc futbolçularına təkliflər indi də gəlirmi? Gəlirsə, bununla bağlı mövqeyiniz necədir?

- Belə bir məsələ yoxdur ki, hansısa futbolçunu satmağımız mümkünsüzdür. Hər bir təklif dəyərləndirilir, klub, eləcə də futbolçunun gələcək inkişafı üçün ən uyğun olanla bağlı qərar verilir.

 

- “Qəbələ” Azərbaycanda ən çox məşq meydançası olan klubdur. Məlumdur ki, bir meydançanı qoruyub saxlamaq da az xərc tələb etmir. Hazırda bütün meydançaları normal vəziyyətdə qoruyub saxlaya bilmisinizmi?

- Bilirsiniz ki, bu sahədə təcrübəli kollektivimiz var. Qəbələ şəhərində fərqli, dəyişkən, sərt hava şəraiti olsa da, əməkdaşlarımız işlərinin öhdəsindən ən yaxşı şəkildə gəlirlər (qol.az).

Xəbər xətti