"Neftçi"nin yeni transferi Keysuke Honda imzalama mərasimindən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, əvvəlcə təqdimat mərasimi barədə danışıb:
- Gözəl təqdimata görə çox sağ olun. Burda olduğuma görə xoşbəxtəm. Əlimdən gələni edəcəm ki, “Neftçi” çempion olsun. Ancaq bu, asan olmayacaq. Rəqiblərimiz də çox güclüdü. Çempionluq üçün nə bacarıramsa, ortaya qoyacam.
- Ölkə futbolu barədə nə deyə bilərsiz?
- “Neftçi”nin iki oyununa baxmışam. Müdafiədə çox yaxşı oynayırlar. Mən hücumameyilli futbolçuyam. Komandaya qol vurmaqda kömək edəcəm. Uzun müddətdi “Neftçi” çempion ola bilmir. Bu il şansımız var.
- Azərbaycana gəlməyinizə səbəb nə oldu?
- Yanvarda başqa variantım var idi. Amma mən Avropada oynamaq istəyirdim. Burdan mənimlə “Neftçi” maraqlandı. Böyük klubdu. Təşəkkür edirəm ki, mənə bu şansı yaratdılar. Soruşdurdular ki, niyə Yaponiyaya yox, Azərbaycana gedirsən? Mən Yaponiyada 3 il oynamışam. Artıq ora mənim üçün maraqlı deyil. Bu, yeni çağırışdı. Yeni çağırışlara həmişə açığam. Əlimdən gələni edəcəm ki, burda uğurlu olum. Karyeram ərzində çox səhvlər etmişəm. Burda özümü yenidən göstərmək istəyirəm.
- Dünən “Neftçi” “Səbail” oyununu izlədiz. İlkin təəssüratlarınız necədi?
- Yaxşı oyun oldu. Bu mövsüm ərzində heç kimə 4:0 hesabı ilə qalib gəkməmişdik. Hansı məqamlarda komandaya kömək edə biləcəyimi gördüm. Çox şadam ki, komanda qol buraxmadı. Çox istəyərəm ki, öz təəssüratlarmı baş məşqçi və komanda ilə bölüşüm. “Neftçi” dünən çoxlu qol epizodu yaratdı.
- Hazırkı hazırlığınız “Neftçi”yə fayda verməyinizə kifayət edirmi?
- Məncə, fiziki durumum yaxşıdı. Futbolda heç kim heç nəyə zəmanət verə bilməz. Kifayət qədər yaxşı formadayam. Növbəti oyuna qədər vaxtımız var. Bu, müsbət məqamdı. O vaxta qədər komanda yoldaşlarımı yaxşı tanıyacam.
- Yaydan sonra da “Neftçi”də qalmağınızı üçün nə baş verməlidi? Komanda çempion olarsa, burda davam edəcəksizmi?
- Əsas prioritetim növbəti iki aydı. Gələcəkdə nə olacağını heç kim bilmir. Cənab prezident Kamran Quliyev də bildirdi ki, 2 aylıq müqaviləm var. Sonrasına yenidən baxacağıq.
- Karyeranız ərzində artıq 8-ci ölkədə oynayacaqsız...
- Buna görə qürur duyuram. Futbola başlayanda təsəvvürümə gətirməzdim ki, 8 ölkədə top qovacam. Məncə, hələ son deyil.
- Həm də Kamboca millisində çalışırsız. İki işi necə yoluna qoyacaqsız?
- Həmin komandanın baş meneceriyəm. Orda yaxşı insanlar işləyir. Mənim üçün Kamboca millisinə vaxt ayırmaq problem olmayacaq. İndi iki klubum olacaq. Əvvəlcə "Neftçi",sonra Kamboca millisi.
- Hər kəs 10 nömrəli formanı geyinəcəyinizi düşünürdü. 4-ü seçməyinizin səbəbi nə oldu?
- Həmin nömrəni sevirəm. Yaponiya millisində 4 nömrəli formanı geyinmişəm. 4 nömrə olarkən daha çox qol vurmuşam, nəinki 10 nömrə ilə oynayarkən.
- Dünya səviyyəli ulduz kimi burdakı gənc futbolçulara nümunə olmağınız gözlənilir...
- Çox vacib məqamdı. Böyük futbolçular gənc nəsillərə bildiklərini verməlidilər. Cavanlar da böyüklərdən öyrənirlər. Söhbət təkcə meydanda baş verənlərdən getmir, həm də meydandan kənar məsələlərdə böyük futbolçular örnək olmalıdı.
- "Neftçi" Çempionlar Liqası və ya Avropa Liqasına düşsə, burda qalacaqsızmı?
- Bu barədə heç nə deyə bilmərəm. Əsas məqsədim çempionluq uğrunda mübarizədə "Neftçi"yə kömək etməkdi.