Azərbaycan millisinin keçmiş futbolçusu Mahir Şükürovun Sportal.az-a müsahibəsi:
- Millini seçmə mərhələdə Portuqaliya, Serbiya və Qətərlə oyunlar gözləyir. Bu matçlarda yığmadan nə gözləyirsiz?
- Çox çətin qrupa düşmüşük. Portuqaliyanı çıxsaq, digər rəqiblərə qarşı mübarizə aparmaq olar. İnanmıram ki, Portuqaliya və Serbiyadan xal alaq. Ona görə ki, millidə futbolçu seçimində yanlışlığa yol veriblər. Siyahıda gördük ki, məşqçinin öz seçimi deyil, sifarişlə gələn futbolçulardır. Deyəcəklər ki, Zaur Ramazanovla dostam deyə, onun qardaşının adını çəkirəm. Ancaq həqiqətən də bu gün Ağabala Ramazanov milliyə lazımlı futbolçudur. Ramil Şeydayev mərifətli və sözün düzünü deyən oğlandır, amma son turlarda demək olar ki oynamırdı. Hətta diviziona göndərdilər, orada qırmızı vərəqə aldı. İndi bunlar Ramili milliyə çağırmaqla kimə nəyi sübut etmək istəyir, mənə o maraqlıdır. Bu gün yığmada daim oynayan, formada olan futbolçular olmalıdır. Ancaq heyətə baxanda görürük ki, bəziləri ehtiyatda qalan, nadir hallarda meydana çıxan futbolçulardır. Ona görə də bu millidən nəsə gözləmək olmaz. Mən bundan öncəki baş məşqçi Nikola Yurçeviç üçün demişdim ki, 3 oyundan sonra hamı onu istefaya səsləyəcək. Necə demişdimsə, elə də oldu. Elə Canni De Byazini bu tale gözləyir. Portuqaliya və Serbiya ilə uğursuluqdan sonra onu da bu aqibət gözləyir.
- Heyətin sifarişlə müəyyənləşdirildiyini söylədiniz. Sizcə, heyəti kimlər müəyyənləşdirir?
- Heyəti AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov müəyyənləşdirir. Futbolçular məhz onun tapşırığı ilə milliyə cəlb olunur.. Tövsiyəm budur ki, heyətə bir neçə təcrübəli sima çağırmaq olardı. Məsələn, 34 yaşlı Kamran Ağayevin millidə böyük təcrübəsi var və yığmaya fayda verə bilər. Əfran İsmayılovla Rauf Əliyev də təcrübələri ilə milliyə kömək edəcək gücdədirlər. Lakin bunun müqabilində baş məşqçi kənarda futbolçu axtarışına çıxır.
- Yeri gəlmişkən, AFFA son vaxtlar daha bir neçə futbolçunu milliləşdirdi. Sizcə, federasiyanın məqsədi nədir?
- Məqsədləri odur ki, kənardan futbolçu gətirib, pul qazansınlar. Başqa nə olacaq ki? Hələ Berti Foqtsun vaxtında mənimlə Vaqif Cavadov bu məsələyə öz iradımızı bildirdik. Həmin zaman millidən məni kənarlaşdırdılar, İtaliya və Xorvatiya ilə oyunlara aparmadılar. Bəs hanı o bəh-bəhlə gətirilən, külli miqdarda pul tökülən Eddi İsrafilov, Renat Dadaşov, Dmitri Nazarovlar? Həmin futbolçulardır ki, onlar yığmada oynamaqdan imtina etdilər. Həmin oyunçular niyə indi milliyə çağırılanda gəlmirlər? Çünki onları Azərbaycan millisi yox, ölkəmizin pulu maraqlandırırdı. Əgər biz o pulu istəsəydik, indi bizi xalq düşməni çıxarardılar. Hər zaman demişəm ki, yığmada yerli və milli ruhda olan futbolçular oynamalıdır. Kənardan gələn futbolçu heç vaxt yığmaya can yandırmaz. Bizim bölgələrimizdə o qədər uşaqlar var ki, hamısı qalıblar kənarda. Federasiyada işləyə Məşqçilər Şurasının tərkibi - Vaqif Sadıqov, Şahin Diniyev, Ağasəlim Mircavadov, Şakir Qəribov kimi veteranlar niyə ağızlarına su alıb otururlar? Onlar niyə səslərini çıxarmır ki, bu nə heyətdir? Niyə demirlər ki oynayan futbolçular yığmaya nə üçün çağırılmayıblar? Ağasəlim Mircavadov unutmasın ki, “Xəzər Lənkəran”da çıxış etdiyimiz vaxtda, saat 12:00 olmamış mən və Zaur Ramazanovun qapısını döyüb deyirdi ki, sabah oyunumuz var, mənə görə qalib gəlin. İndi yenə həmin adamlarıq da, ay Ağasəlim müəllim. Elə Vaqif Sadıqova da aiddir. Niyə indi biz kənarda qalmışıq? Niyə səsinizi kəsib, oturmusuz yerinizdə? Nə üçün yerlilərə dəstək olmursuz?
- Onların susmağının səbəbi nədir?
- Çünki onlara 1000-1500 manat maaş vacibdir. Onlara bu da sərf edir və danışmağa gücləri çatmır. Onlar bilirlər ki, bizi kimi gənc kadrları federasiyaya gətirsələr, iş görəcəyik. Ona görə də onlara sərf etmir və səslərini çıxartmırlar.
- Canni De Byazinin köməkçisi olan Arif Əsədov sizcə, baş məşqçiyə tövsiyələrini etmir?
- Əcnəbilər olan yerdə bizimkilərin söz demək gücü yoxdur. Bizim məşqçilərə deyirlər ki get dayan bir kənarda, səsini çıxartma, görsünlər ki, millidə yerli mütəxəssis var. İclas olur, amma azərbaycanlı məşqçini buraxmırlar, öz aralarında fikir mübadiləsi aparırlar, azərbaycanlını da yanlarına buraxmırlar, otaqdan çıxarırlar. Bu bir kənara qalsın, belə hallar məşqçiyə hörmətsizlikdir. Şəxsən mən bunu mən qəbul etmərəm və belə baş məşqçi ilə çalışmaram. Köməkçi məşqçi o deməkdir ki, baş məşqçi ən azından milliyə futbolçu dəvət edəndə onunla məsləhətləşməlidir. Onda yerli məşqçinin orada nə işi var və işi nədən ibarətdir? Nə qədər ki belə şeylər var, futbolumuz bu gündə qalacaq.
- Azərbaycan futbolunun rəzil duruma düşməsinin səbəbkarları kimlərdir?
- Elxan Məmmədov və onun ətrafı. Onlar federasiyada düzgün işlər görmürlər. Futbol adamları olmayanlar əsas işləri aparırlar. Biri sinif yoldaşını prezident təyin edib. Hələ birini də “Neftçi”yə rəhbər qoyublar. Elxan Məmmədov 12 ildir federasiyada rəhbər vəzifəsini tutur. Bu illərdə futbolumuz bərbad vəziyyətə düşüb. Demək istəyirəm ki, bu adam işinin öhdəsindən gələ bilmir, yəni futbol sahəsi Məmmədovluq deyil. Mənim tövsiyəm budur ki, Elxan Məmmədov futboldan çəkilsin və federasiyaya futbolu anlyan bir şəxs rəhbərlik etsin. Yaxşı olar ki, Elxan Məmmədov özünü fərqli sahədə yoxlasın. Futbolu poliqon sahəsinə çeviriblər. Artıq kifayətdir, gün-gündən quyunun dibinə enirik. Futbolumuz serialdır, baş rolda da Elxan Məmmədov. Yaxşı olardı ki, futboldan başı çxanlar bu sahəyə gəlsinlər, rəhbərlik etsinlər. Bundan sonra bəlkə, nəyəsə nail olarıq və futbolumuz ölümdən qurtular. Çünki futbolumuz can hayındadır, son nəfəslərini alır. Kimə deyək dərdimizi? Biz veteranlar bu yaxınlarda geniş toplantı keçirəcəyik və futbolumuzun rüsvayçı durumunu müzakirə edib, “yuxarılara” çatdıracağıq. Mənə elə gəlir ki, buna son qoymağın vaxtı çatıb. Artıq futbolumuzda əl dəyişməlidir. Nəzərə almalıyıq ki, dövlətimiz külli miqdarda maliyyə ayırır. Hanı bəs bunun qarşılığı? Mənə elə gəlir ki, buna nəzarət edən şəxslər dövlət qarşısında cavab verməlidir.
- Nə üçün məşqçi kurslarına qatılmırsız?
- AFFA-dan bu barədə mənə deyiblər, amma getmədim. Berti Foqtsun millimizdəki vaxtında tərcüməçi olmuş Osman Rəhimovun rəhbərliyi altında oxumalıyam? Mənim ayağımın bildiyini onun başı bilmir. Osman kimdir ki, mən gedib onun dərsində oturum, futbol dərsi alım. Ona görə də kateqoriya alanların çoxu Osman kimi adamlardır. Uşaq futboluna baxanda hamının necə məşqçi olduğunu görürük. Vaqif Cavadova deyirlər ki, get məşqçi kurslarına yazıl və oxu. Vaqif gedib Osmanın dərsində oturandır? Vaqifin sağ ayağının bildiyini Osman bundan sonra 30-40 il də futbolda işləsə, bilməyəcək. Millidə 50 oyun keçirənə də C kateqoriyası verilir, 1 oyun keçirənə də. Bu, hansı məntiqə sığır? İkincisi də hamısı sifarişlə verilən kateqoriyalardır. Mən hamısını sübut etməyə hazıram. Ona görə də mən kurslara getmərəm. Qoy Osman gəlib mənim dərsimdə otursun, mən ona futboldan dərs keçim.
saytlarin hazirlanmasi