Qara Qarayev: "Millinin baş məşqçisi mənə Bakıda qalmağı məsləhət gördü"

13:32 - 22 Mart 2021

DÇ-2022-nin seçmə mərhələ oyunları üçün Azərbaycan millisinə dəvət almış Qara Qarayev zədə səbəbindən yığmanın düşərgəsini tərk edib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi bununla bağlı Ağdam təmsilçisinin saytına açıqlama verib:

 

“Martın 18-i axşam məşqinin əvvəlində arxa əzələmdə ağrı hiss etdim. Buna görə məşqi başa vura bilmədim. Müayinədən sonra bəlli oldu ki, sağ ayağımda əzələni saran pərdə qatında ikinci dərəcəli yırtıq əmələ gəlib. Milli komandanın həkimi ilə məsləhətləşdik, iki gün sonra təkrar MRT (Maqnit Rezonans Tomoqrafiya) elədik. Millinin həkimi də təkrar müayinədən sonra Serbiya millisi ilə oyun gününə – martın 30-dək məşqlərə qatılmağımın mümkünsüz olduğunu söylədi.

 

Millimizin baş məşqçisi Canni De Byazi ilə görüşdə o, mənə Bakıda qalmağımı və müalicə almağımı məsləhət gördü. Yığmaya dəvət alandan bəri ilk dəfədir ki, millidən ayrı düşürəm. Milli komanda hər birimizin arzusudur. Yığmanın formasını hər zaman şərəflə geyinmişəm. Hər zaman canla-başla millidə oynamağa çalışmışıq. Hazırda komanda yoldaşlarımdan ayrı düşmüşəm və bu durum mənim üçün çox çətindir. Təəssüf ki, idmançı karyerası belədir və bəzən gözlənilməz zədələr baş verir. Yığma komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Xəbər xətti