Filip Ozobiç: "AFFA-dan mənimlə əlaqə saxlayan olmayıb" - MÜSAHİBƏ

17:47 - 26 Mart 2021

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin müsahibəsi:

 

- Mövsümün sonuna 8 tur qalır. Nəzərə alsaq ki, hazırda ilk pillədə olan “Neftçi” əvvəlki illərdən daha iddialıdır, bu mövsüm sizin üçün hədəfə çatmağın daha çətin olduğunu demək olar?

- Ümumiyyətlə, Azərbaycan çempionatının qalibi olmaq heç vaxt asan olmayıb. Bu il də istisna deyil. O ki qaldı “Neftçi” ilə mübarizəyə, təkcə bu il deyil, həmişə “Neftçi”nin heyətində yaxşı futbolçular olub. Bu komanda hər zaman təhlükəli rəqibdir.  

 

- Çempionatın çox hissəsi geridə qalıb. Baş məşqçiniz Qurban Qurbanov getdikcə futbolçulardan daha çoxunu tələb edirmi?

- Qeyd etdiyiniz kimi, mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu yox, sırf qarşıdakı matçı düşünürük. Rəqibin kimliyindən asılı olmayaraq, növbəti oyunda qələbə qazanmağı hədəfləmişik. Baş məşqçimiz isə həmişə bizim performansımızın yüksək olmasını tələb edir.

 

- Millimizin heyətində “Qarabağ”dakı komanda yoldaşlarından bir neçəsi çıxış edir. Komandamızın Portuqaliya ilə oyunu Sloveniya – Xorvatiya matçı ilə eyni vaxtda başladı. Hansı oyunu izlədin?

- Demək olar ki, hissə-hissə hər iki qarşılaşmaya baxdım. Bir qədər Sloveniya – Xorvatiya oyununa, bir az da Portuqaliya – Azərbaycan matçına baxırdım. Azərbaycan millisinin qarşısında son Avropa çempionu olsa da, yaxşı mübarizə apardı.

 

-  Qapıçımız Şahrudddin Məhəmmədəliyev Kriştiano Ronaldonun da çıxış etdiyi görüşdə matçın ən yaxşısı oldu. Onun inamlı çıxışı haqda fikirlərini bilmək istərdik.

- Şahruddin bütün mövsüm ərzində yüksək səviyyədə oyun nümayiş etdirir. Hələ məşqlərdə göstərdyi performansı demirəm. Onu da bildirim ki, Şahruddin əla qapıçı olmaqla yanaşı, həm də çox yaxşı, dəyərli bir insandır.

 

- 2017-ci ildə yoxlama görüşü üçün Xorvatiya millisinə dəvət aldın, ancaq daha sonra çağırılmadın. Bunun səbəbini nədə görürsən?

- Xorvatiya millisi dünyanın ən güclülərindən biridir və ora dünyanın ən güclü liqalarında çıxış edən futbolçular dəvət alır. Ona görə də Xorvatiya millisinə düşmək çox çətindir.

 

- Ümumiyyətlə, hazırkı Azərbaycan çempionatındakı oyunlarla Xorvatiya millisinə dəvət almaq mümkündür?

- Futboldur, hər şey baş verə bilər. Ancaq bayaq qeyd etdiyim kimi, Xorvatiya millisinə cəlb olunmaq çox çətindir. Mən hazırda bu haqda düşünmürəm. Bütün diqqətimi çempionatın son 8 oyununa yönəltmişəm.

 

- Xorvatiya mətbuatı xəbər yaymışdı ki, bu ildən Azərbaycan millisinə dəvət oluna bilərsən. Belə bir variant var? AFFA-dan təklif gəlib?

- Bu məsələ ilə bağlı mənimlə heç kim əlaqə saxlamayıb. İstər AFFA olsun, istərsə də digər qurumlardan. Mənim Azərbaycanda çıxış etməyimin 5 ili hələ yayda tamam olacaq. Buna görə də diqqətimi “Qarabağ”ın oyunlarına yönəltmişəm (qol.az).

Xəbər xətti