Anatoli Nuriyev: "Millidə öz yerimi möhkəmləndirməliyəm"

12:45 - 27 Mart 2021

Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Ukraynanın "Minay" klubunda çıxış edən 24 yaşlı futbolçu Portuqaliya ilə matçda millidə debütü barədə də danışıb:

 

“Çox şadam ki, Azərbaycan millisinin düşərgəsindəyəm və qısa müddət ərzində mənə yığmada debüt etmək də qismət oldu. Azərbaycan mənim əcdadlarımın vətənidir. Atamın babası və babam Azərbaycanda anadan olub, bu ölkədə yaşayıblar və babam sonradan Ukraynaya köçüb.

 

Hələ birinci liqada çıxış etdiyim dövrdə millidə çıxış etməklə bağlı mənimlə əlaqə saxlanılmışdı. Türkiyədə təlim-məşq toplanışında olduğum dövrdə millinin baş məşqçisinin oyunumu izləməyə gəlməsi qərar verməyimdə əhəmiyyətli rol oynadı. Millimizə faydalı ola biləcəyimə ümid edirəm.

 

Əlbəttə, ilk növbədə millinin heyətində öz yerimi möhkəmləndirməliyəm. Buna nail olacağım təqdirdə daha çox çalışmaq və komandanın aparıcı üzvlərindən birinə çevrilmək barədə düşünmək olar. Qarşıda daha iki oyunumuz var. Hər iki qarşılaşmaya ciddi hazırlaşmalı və uğurlu nəticə qazanmalıyıq. Ümidvaram ki, məqsədimizə çata biləcəyik”.

Xəbər xətti