Azərbaycan millisinin sabiq kapitanı, futbol veteranı Tərlan Əhmədov Sportal.az-a açıqlama verib. Təcrübəli mütəxəssis Portuqaliya, Qətər və Serbiyaya uduzan Azərbaycan millisinin oyunları barədə danışıb:
"Sözün düzü, bu oyunlar məndə xoş təəssürat oyatmadı. Məğlubiyyət məğlubiyyətdir. Deyə bilərlər ki, yaxşı oynayıb, uduzmuşuq. Heç bu oyunlarda yaxşı oyun da görmədik. Əsas nəticədir və bu da olmadı. Mən daha yaxşı nəticələr gözləyirdim. Millətlər Liqasında da məğlub olduq, indi də. Oyunçu seçimində problemlər var idi.
Çempionatın bombardiri Namiq Ələsgərov Serbiya ilə matçda iştirak ərizəsinə salınmadı. Serbiyaya uduzduğumuz matçda 3 yarımmüdafiəçi - Coşqun Diniyev, Aleksey İsayev və Vüqar Mustafeyvdən birini kənarda qoyub, iştirak ərizəsinə hücumçu salmaq olardı. Namiq heyətdə olmalı idi axı. Rəhim Sadıxov texnikalı oyunçudur, amma onu da Serbiya ilə matçda heyətə salmadılar. Bir sözlə, yaxşı oyundan və nəticədən danışmağa dəyməz.
Ramil Şeydayev çempionatın autsayderi "Sabah"da oynayır, klubunda meydana son dəqiqələrdə girir, amma millidə matça daxil olur. Çempionatın ən gözəl oyun nümayiş etdirən komandalarından biri olan “Qəbələ”dən isə yığmaya futbolçu dəvət edilmədi. Ümumiyyətlə, ən yaxşısı budur ki, özümüz futbolçu yetişdirək. Nə vaxta kimi futbolçu milliləşdirəcəyik?"
Əhmədov millinin Serbiya və Portuqaliya minimal hesabla uduzmasını Belarus və Moldovanın böyük hesablarla məğlub olması ilə müqayisə edib, yaxşı nəticə hesab edənlərlə razılaşmayıb:
"Azərbaycana təriflənib gətirilən Roberto Bordinin çalışdırdığı Moldova uduza-uduza gedir. Həmişə Bordin uduzduğu oyunlardan sonra dava salmağa çalışır. 0:8 uduzduğu oyunda da dava salır, aranı qatır. Bizə başqasının nəticəsi lazım deyil. Hansı hesabla uduzmaqları bizə maraqlı olmamalıdır. Bizə öz millimizin nəticəsi lazımdır. Bəh-bəhlə gətirdiyimiz bütün əcnəbi məşqçilər uduzaraq gedir. Serbiya və Portuqaliyaya minimal hesabla uduzmağımızı bayram edirlərsə, danışılası nəsə yoxdur. Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç kimi əcnəbilər gəldi, amma nəticə olmadı. İndi Roberto Bordinin komandası 0:8 uduzub, biz də 0:1 hesabı ilə məğlub olmuşuq deyə bayram etməliyik? Futbolu quyuya salıb basdırmışıq ki, oradan çıxmasın".
Mütəxəssis Azərbaycan futbolunda dəyişikliklərin olmasının vacibliyindən söz açıb:
"Futbolumuzda dəyişikliklər olmalıdır, amma bilmirəm, yeniliklər olacaq, ya yox. Müəyyən addımlar atılmalıdır ki, Azərbaycan futbolu xilas edilsin. Səbəblər araşdırmalıdır. Bu, belə gedə bilməz. Böyük futbolda dəyişikliklər olmalıdır. Azərbaycan futbolu belə gedə bilməz, xilas etməliyik. Hər cür şərait yaradılıb. Futbol oynamaq üçün bazalar var. Futbolumuzda böyük bir dəyişikliklər olmalıdır".
saytlarin hazirlanmasi