Nəhayət, Mahir Emrelinin Polşa çempionu "Legiya"ya transferdi rəsmiləşdi.
“Qarabağ”dan ayrılan hücumçu Polşa çempionu ilə 3+1 illik müqavilə imzaladı.
Bura qədər hər şey əla ...
Görəsən, bundan sonra Mahirin "Legiya" karyerası bizlərə nə vəd edir?
Uğurlu karyera yaşaması üçün nələrə diqqət etməsi lazımdır? Ümumiyyətlə, Mahirdən gözlənti nədir?
Bu suallara cavab olaraq idman mətbuatının nümayəndələri aşağıdakı cavabları veriblər.
Sənan Abdullayev (Xəzər TV): "Mahir Emrelinin Polşa karyerasından gözləntilərim böyükdür. Hiss olunur ki, seçimi bir günün içində etməyib. Özü üçün yaxşıca araşdırıb, oynamaq şanslarını dəyərləndirib. Ölkə, şəhər haqda məlumatlar toplaması da onu göstərir ki, ürəyini də özü ilə götürüb. Yəni Bakının gözəl məkanları ilə bağlantısını qoparmağa çalışıb. Bu artıq bizim hər zaman qorxduğumuz sədlərdən birinin aradan götürülməsidir. Ev üçün darıxmaq da problem olmayacaq. Emrelinin ailəsinin müəyyən qədər fərqli mentalitetdə olması ona kömək edəcək. Onun uğurlu olması üçün əsas şərt məncə özünə daha böyük hədəf qoymasıdır. Bu, heç də özündən razılıq deyil. Məncə onu irəli çəkəcək vasitədir. Burada eşitdiyim qədərilə Qurban Qurbanov xüsusən də avrokubok matçlarından öncə onun üzərində xüsusi nəzarət olmasını tapşırırmış. Belə vəziyyət artıq olmayacaq. Mahir böyüdüyünü və buna ehtiyac duyulmadığını dərk etməlidir".
Rəşad Ergün (Komanda.az): "Polşa çempionatı İngiltərə Premyer Liqası, ya da İspaniya La Liqası deyil. Avropada sıradan bir çempionatdır və düşünürəm ki, Mahir Emreliden də ki, xüsusi bir şey tələb olunmur. İntizamlı olmalı, futbolçu kimi bacarıqlarını göstərməlidir. Və bir də, xüsusən, səbrli olmalıdır. Səbirsizlik, Azərbaycandakı qohum-əqraba, dost-tanış üçün darıxmaq əksər futbolçularımızın karyeralarında qara iz buraxan məqam olub. Mahir anlamalıdır ki, getdikcə bataqlığın dibinə düşən Azərbaycan futbolunu təmsil edir. Təkcə özünü düşünməməlidir, bütün Azərbaycan futbolunu düşünməlidir, ona görə davranmalıdır".
Anar Xanlarov (Rekord az): "Gözləntimiz təbii ki, müsbət yöndədir. 6 aydır" gedirəm", "gedirəm" dedi və axır ki, getdi. Baxmayaraq ki, şəxsən mən özüm gedəcəyinə inanmırdım. Uzun müddətdir ki, Azərbaycan futbolunda belə ciddi transfer olmamışdı. Polşa çempionatı çətin çempionatdır. Bildiyim qədəri ilə Mahirə Belçika və Macarıstandan da təkliflər var idi, amma o, Polşanı seçib. "Legiya" da yaxşı komandadır. Təbii ki, Mahirin uğurlu çıxışı futbolumuz üçün çox önəmlidir. İlk növbədə azərbaycanlıların da futbol oynamaq bacarığını sübut edəcək. Onun uğurlu çıxışı fonunda avropalı menecerlərin diqqəti Azərbaycan çempionatına yönələcək. Mahirin özü üçün də daha güclü çempionatlara getmək üçün yaxşı şans yaranıb. Heç kimə sirr deyil ki, Polşada uğurlu karyera qurmaqla çox rahat şəkildə Bundesliqa klublarının maraq dairəsinə düşmək mümkündür. Məhz Bundesliqa amilinə görə Mahirin Polşa seçimini alqışlayıram. Düzdür, Polşada sərt futbola üstünlük verirlər. Xüsusilə qış aylarında orda futbol oynamaq çətindir. Amma psixoloji cəhətdən özünü toplaya bilsə, öhdəsindən gələcək. Uşaq deyil, 24 yaşı var, Çempionlar Liqasının qrupunda oynamış futbolçudur".
Amal Abışov (Sport7.az): "Mahirin "Legiya"ya transferinə böyük ümidlərlə yanaşıram. Onun istedadına, perespektivinə şübhəm yoxdu. Amma son vaxtlar zədədən tez-tez əziyyət çəkməsi məni narahat edir. Ümid edirəm, bu məqam Mahirə mane olmaz. Xarici klubda çıxış etməsi onun üçün yeni çağırışdı. Ölkə daxilində özünü yetərincə isbatlayıb. İnşallah, uğursuzluq olmaz". (sportinfo.az)
saytlarin hazirlanmasi