“Premyer Liqanın startının təxirə salınıb-salınmaması həmin vaxtkı yoluxma sayına görə müəyyənləşəcək”.
Sportal.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri 2021/22 mövsümündə tamaşaçıları tribunalara buraxmaq istədiklərini bildirib. Lakin o, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha hələ müraciət olunmadığını etiraf edib: “Qarşıda hələ 40 günə yaxın vaxt var. Mətbuatdan oxuduğumuza görə, yeni “Hindistan ştammı” (“Delta”) yayılmağa başlayıb. Bu səbəbdən indidən nəsə desəm, sonra yalan olar. Mənim və ya AFFA-nın bu gün Operativ Qərargaha hər hansı bir müraciəti düzgün olmaz. Axı hələ bilinmir ki, 40 gün ərzində nələr ola bilər. Çempionatın startına yaxın vəziyyətə baxacağıq. Təki əmin-amanlıq, salamatlıq olsun”.
PFL prezidenti tamaşaçısız oyunların maliyyə baxımından da ciddi ziyan vurduğunu söyləyib: “Əlbəttə ki, azarkeşlərlə oyun keçirmək bizə daha xoşdur. Ən azı insanlarla ünsiyyət qurursan, söhbət edirsən. Azarkeşsiz çempionata sponsorlar da yaxın gəlmir. Boş tribunalar önünə kim reklamını qoydurmaq istəyər? Əlbəttə, heç kim. Hər şeyi zamanın ixtiyarına buraxaq”.
Koronavirus pandemiyası səbəbindən Azərbaycan Premyer Liqasının 2020/21 mövsümü tamaşaçısız keçirilib.Yeni mövsümün startı isə avqustun 14-nə planlaşdırılır.
saytlarin hazirlanmasi