Könül Nurullayeva: “Azərbaycan üçün AVRO-2020 uğurla bitdi”

12:15 - 4 İyul 2021

“Azərbaycan AVRO-2020-ni də uğurla başa vurdu. Futbol üzrə Avropa çempionatı çərçivəsində 4 görüşün Bakıda keçirilməsi Azərbaycana göstərilən böyük etimad idi”.

 

Gənc millət vəkili, MOK-un beynəlxalq əlaqələr idarəsinin keçmiş rəisi, Bakı-2015 Avropa oyunlarının əməliyyat komitəsinin xüsüsi məsləhətçisi və Bakı-2017 İslam həmrəylik oyunlarının təşkilat komitəsinin katibi olmuş Könül Nurullayeva sportal.az-a açıqlamasında bildirib ki, müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi etmək Azərbaycanın gücünü göstərir.:

 

“Bütün dünyada ən populyar idman növlərindən biri olan futbol üzrə statusundan asılı olmayaraq istənilən beynəlxalq turnir xüsusi maraqla qarşılanır”.

 

Millət vəkili hesab edir ki, Azərbaycanda beynəlxalq futbol çempionatlarının keçirilməsi üzrə kifayət qədər böyük təcrübə var: “Respublikamızı beynəlxalq arenada layiqincə təmsil edən "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasına vəsiqə qazanması ilə əlaqədar bir neçə il əvvəl Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqasının oyunlarına ev sahibliyi etmişdi. 2019-cu il mayın 29-da isə Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları arasında UEFA Avropa Liqasının final oyunu keçirilmişdir. Bakının ən mötəbər futbol turnirlərdən biri olan Avropa çempionatının oyunlarına evsahibliyi etməsilə uğurlu  təcrübənin əhatə dairəsi genişlənmiş oldu”.

 

Dünyanın izlədiyi hər bir idman yarışının həm də beynəlxalq tədbir olduğunu xatırladan Nurullayeva vurğulayıb ki, Azərbaycanın regionun lider dövləti kimi statusunu artıran əsas məqamlardan biri məhz beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir: “Bu miqyasda dünya səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın, onun inkişaf səviyyəsinin, turizm potensialının dünyada təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.”

Xəbər xətti