“Neftçi”nin sabiq futbolçusu, 5 il bu komanda üçün mübarizə aparmış Erik Fabian Ramos Sportal.az saytına müsahibə verib:
- “Neftçi” uzun illərdən sonra çempionluğu qazana bildi. Yəqin ki, buna sevindin?
- Əlbəttə ki, “Neftçi”nin çempionluğuna çox sevindim. Oyunlara baxırdım, çempionatın qızğın gedişindən də xəbərdar idim. Sonda “Neftçi”nin çempion olması təbii ki, sevindirici haldı.
- Necə düşünürsən, “Neftçi” “Qarabağ” kimi uzun illər liderlik edib, hegemonluq yarada bilər?
- “Neftçi” əvvəlki mövsümlərdə dominantlıq etməyi bacarmışdı. O vaxtı ardıcıl 3 il Azərbaycan çempionluğunu qazanmışdıq. Bu da dominantlıqdı. Məncə, prestiji yenidən qazanmanın və hər il çempionluqlar qazanan komanda olmağın vaxtı gəlib.
- Sabiq komandanın Çempionlar Liqasındakı ilk rəqibi “Dinamo”du (Tbilisi). “Neftçi”nin Gürcüstan çempionunu ÇL-dən uzaqlaşdırmaq şanslarını necə dəyərləndirirsən?
- Üçüncü tura kimi “Neftçi” irəliləməlidi. Məhz orada qruplara qalmaq məsələsinin ən çətin olduğu yerə gəlib çıxırsan. İndi də onsuz da avrokuboklarda oynayan zəif komanda yoxdu. İstənilən halda “Neftçi”yə uğurlar arzulayıram.
- “Dinamo”nun baş məşqçisi Azərbaycan futbolunda uzun illər çalışmış Kaxaber Sxadadzedi. Onun Azərbaycan futbolunu dərindən bilməsi, “Neftçi” üçün hər hansı problem yarada bilər?
- Bəli, onun rəhbərlik etdiyi komandalara qarşı oynamışam. Çünki o da uzun müddət çalışıb, mən də uzun müddət oynamışam. Bir neçə il Azərbaycanda baş məşqçilik etdiyini və buradan özü üçün yaxşı bilgilərə sahib olduğunu nəzərə alsaq, yəqin ki, “Neftçi” üçün bəzi problemlər yaradacaq.
- Bəs yaxşı, hansı turnirdə qruplara qalmaq “Neftçi” üçün daha realdı, Çempionlar Liqası, Avropa Liqası, yoxsa Konfrans Liqası?
- 2012/2013 mövsümündə biz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq. 2014/2015 mövsümündə bunu təkrarlamağa çox yaxın idik. Amma “Partizan”a qarşı matçda heyf ki, alınmadı. Halbuki çox yaxınlaşmışdıq uğuru təkrarlamağa. İnanıram ki, "Neftçi" yenə də qruplara qalacaq.
- Son illərdə Azərbaycan komandalarının bizim üçün tanış olmayan paraqvaylı futbolçulara ehtiyac duymamasını nə ilə əlaqələndirirsən?
- Bu fürsətsizlikdəndi. Azərbaycanda 5 il oynamışam, titullar qazanmışam, bütün oyunları meydanda olurdum. Paraqvaydan Meza Kolli qardaşları da var, hansı ki, Azərbaycanda öz keyfiyyətlərini göstəriblər, titullar qazanıblar. Paraqvaylılar hər zaman öz peşəkarlığı və keyfiyyətilə seçiliblər.
- “Neftçi”nin yeni transferləri arasında əslən Paraqvaydan olan Sezar Meza Kolli də var. Sadəcə onu artıq futbolumuzda hamı tanıyır. Sezarın “Neftçi”yə xeyri dəyəcək?
- Sezar onsuzda Azərbaycanda artıq ad qazanıb. O, əla oyunçu olduğunu göstərib. Ümid edirəm ki, “Neftçi”yə tez bir zamanda adaptasiya olacaq və belədə o, öz istedadı ilə komandaya kömək olacaq.
- Sənin oynadığın dövrdəki çempion “Neftçi” ilə hazırki çempion “Neftçi”ni müqayisə etsək, ortaya hansı mənzərə çıxar?
- Bilirsiz, əslində fərqli vaxtlardı. Mənim vaxtımda biz balaca komandaydıq, amma böyük oyunçulara sahib idik. 3-4 il birlikdə oynadıq. İndi “Neftçi” bir neçə oyunçu transfer edərək, yenidən qurulur. Hazırda mən məşqçilik kursunu oxuyuram. Gələcəkdə “Neftçi”yə baş məşqçi kimi gəlmək xəyallarımda var.