"Şeydayevin "Qarabağ"da özünü göstərməsi üçün yetərincə təcrübəsi var"

15:47 - 5 İyul 2021

“Qarabağ” “Keşlə” və “Sumqayıt”la yoldaşlıq oyunlarında üz-üzə gəldi, qələbə qazandı. Amma yoldaşlıq oyunlarında motivasiya istər-istəməz üst səviyyədə olmur, amma buna rəğmən “Qarabağ” böyükhesablı qələbələr qazandı”. 

 

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev deyib.

 

Ağdam klubunda uzun illər oynamış İmaməliyev komandanın hazırki durumu barədə danışıb. O, Ramil Şeydayevin komandaya geri dönməsini də dəyərləndirib: “İldən-ilə “Qarabağ”ın heyətində oyunçu dəyişiklikləri olir. İnanıram ki, “Qarabağ” iştirak edəcəyi Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazana biləcək. Ramil Şeydayevin “Qarabağ”a dönüşünün doğru olub-olmadığını yalnız oyunlar göstərəcək. Məncə, onun “Qarabağ”da özünü ən yaxşı tərəfdən göstərməsi üçün yetərincə təcrübəsi var”. 

 

2000-2007-ci illər aralığında Azərbaycan milli komandasının üzvü olmuş veteran futbolçu “Qarabağ”ın xorvatiyalı oyunçusu Filip Ozobiçin Azərbaycan millisindəki mümkün çıxışına da toxunub. Onun fikrincə, 30 yaşlı yarımmüdafiəçi milliyə xeyir verə bilər: “Ozobiçin necə futbolçu olmasını hamımız bilirik. Yalnız milli oyunları zamanı komandaya nə dərəcədə xeyri dəyəcək, onu da oyunlar göstərəcək. Yerli statusu ilə oynaması, əlbəttə ki, “Qarabağ” üçün üstünlükdü. Yəni belədə, Qurban Qurbanov meydanda əlavə bir legioner də buraxa biləcək”.

Xəbər xətti