"Hazırlığımız çox yaxşı gedir. Biz "Soçi" ilə rəsmi oyuna hazırlaşırıq və beynimizdə olan yalnız bu matçla bağlı düşüncələrdi".
Bu sözləri Sportal.az-a açıqlamasında “Keşlə”nin müdafiəçisi Miyuşko Boyoviç deyib. Paytaxt klubunun monteneqrolu futbolçusu komandasının hazırlığından danışarkən, “Qarabağa” 0:7 hesablı məğlubiyyətə də açıqlama gətirib: “Qarabağ”la oyun? Bilirsiz, həmin matç tətildən sonra hamımızın ilk oyunu idi. Futbolu anlayanlar bilir ki, bu cür anlarda matçın hesabı ən son planda olur. Biz yalnız gələcək haqda düşünüb, növbəti günləri gözləyirik ki, yaxşı formada olaq, rəsmi görüşlərdə yaxşı oynayaq. “Qarabağ”la oyundan sonra da kollektivdəki atmosfer normaldı. Çünki hamımızın məqsədi eynidir, onun arxasınca getmək istəyirik. Toplanışımızın Bakıda keçirilməsinə gəldikdə, biz peşəkar insanlarıq, klubun hər bir qərarına öyrəşməliyik. Əgər biz Bakıda qalıb, burada hazırlaşmalıyıqsa, belə də olmalıdı və “Keşlə” üçün maksimumu verməliyik. Əgər biz yaxşı kollektiviksə, bu məqam bizim üçün mənfi hal olmamalıdı".
Komandanın təcrübəli futbolçusu yeni transferlərə belə şərh verib:
“Mən baş məşqçi və onun korpusuna inanıram. Onlar “Keşlə” üçün kömək edəcək futbolçular yığırlar. Digər uşaqlar və mən özüm də, onların komandaya alışması üçün əlimizdən gələni edirik. Tez bir zamanda yaxşı komanda qurmalıyıq”.
Konfrans Liqasının birinci mərhələsində Rusiya Premyer Liqası təmsilçisi “Soçi” ilə qarşılaşacaq “Keşlə”nin şanslarını çox aşağı qiymətləndirənlər az deyil. Boyoviç özü isə rus klubunu tərifləyərək, sona qədər mübarizə aparacaqlarını da fikirlərinə əlavə edib:
“Soçi” Rusiya Premyer Liqasını son mövsümdə 5-ci pillədə başa vurub. Bu da Rusiya Premyer Liqası kimi güclü liqada asan məsələ deyil. “Soçi”nin gücü ortadadı. Onlar haqda hər gün məşqçilər bizə məlumat verir. İstənilən halda biz “Soçi” qarşısında ağ bayraq qaldırmaq fikrində deyilik. Hər zaman sona qədər mübarizə aparmışıq, bu oyunlarda da sona qədər mübarizə aparacağıq, asan təslim olmaq fikrimiz yoxdu. Nəticə necə olacaq onu da hamımız birlikdə görəcəyik”.
saytlarin hazirlanmasi