Ukrayna millisi AVRO-2020-də sərgilədiyi oyuna görə ən yaxşılar sırasında olmasa da, məşqçi işi və xarakter hesabına 1/4 finala qədər irəliləməyi bacardı. Hazırki yığma üçün bu nəticəni qənaətbəxş hesab etmək olar. Həm federasiya rəhbərliyi, həm də azarkeşlərin milli komandanın baş məşqçisi Andrey Şevçenkoya etimadı böyükdür və bunu nəzərə alıb demək olar ki, onun daha böyük işlər görməsi üçün kifayət qədər vaxtı da olacaq, imkanı da.
Ukrayna millisində karyerasına, nüfuzuna görə ən önəmli sima elə baş məşqçi Andrey Şevçenkonun özüdür. Onun personasına olan maraq olduqca böyükdür. Bir neçə il əvvəl yığmada köməkçi məşçqi kimi işə başlayan Şevçenko sonradan əsas söz sahibinə çevrildi və bundan sonra öz məşqçilər korpusunu formalaşdırmağa başladı. Bu gün onun köməkçiləri arasında dörd italyan və bir ispan mütəxəssis var:
Mauro Tassotti – baş məşqçinin köməkçisi
Andrea Maldera – taktiki analitik
Andrea Adzalin – fiziki hazırlıq üzrə məşqçi
Luidji Noçentini – analitik məşqçi
Pedro Luis Xaro Reqero – qapıçı məşqçisi
Hal-hazırda milli komandalarla bağlı tendensiya elədir ki, federasiyalar daha çox yerli mütəxəssislərə güvənir. Təbii ki, əks nümunələr də var. AFFA da adətən olduğu kimi bu məsələdə də axara qarşı getməyi daha məqsədəuyğun hesab eləyir. Qurban Qurbanovun 10 aylıq fəaliyyətini çıxmaq şərtilə bizim milli komanda bu rəhbərliyin dönəmində həmişə əcnəbilərə tapşırılıb.
Əslində, De Byazinin təyinatını AFFA rəhbərliyi tərəfindən bir yenilik kimi də qəbul etmək olar. Ona qədər Nikola Yurçeviçi millimizə urcah eləməklə sonrakı biabırçılığın günahkarı olan idarəçilərimiz italyanın təyinatı zamanı “demokratik” olmaq qərarına gələrək, səsvermə keçiriblər. Sadəcə nə üçün De Byaziyə rəqib kimi millinin əksər üzvlərinin istədiyi Rəşad Sadıqov və ya Ayxan Abbasov kimi bacarıqlı cavan məşqçilərdən birinin yox, sonuncu dəfə divizion klubunda baş məşqçi olan Arif Əsədovun səsverməyə çıxarılması ritorik sualdır. Tamaşanın davamı olaraq da De Byaziyə rəqib olan Arif Əsədovun sonradan ona köməkçi təyin edilməsi onsuz da xoş olmayan mənzərəni lap biabırçı görkəmə gətirdi...
Ukraynada futbol başbilənlərinin bizimkilərlə əsas fərqi də elə budur. Onlarda gənc, yerli məşqçiyə güvənib ona əcnəbi köməkçilər gətirmək üçün şərait yaradılır. Bizdə isə əcnəbi gətirib bizimkiləri ona yamaq kimi sırımaqla məşğuldular. Ona görə də, uzun illərdi Foqts, Prosineçki, Yurçeviçin yanında köməkçi kimi çalışmış məşçqilərdən heç biri bu gün Premyer Liqada iş başında deyil. Ümumiyyətlə bizim milli komanda ilə bağlı ən təzadlı məsələ elə baş məşqçi ilə bağlıdır. Bir tərəfdən AFFA rəhbərliyi başda olmaqla az qala hamı o fikirdədir ki, bu futbolçularla ciddi uğur qazanmaq mümkün deyil. Digər tərəfdən isə heç bir hədəfi olmayan milli komandaya israrla əcnəbi baş məşqçi gətirirlər. Şevçenko nümunəsinə baxanda bizə sadəcə ümid eləmək qalır ki, Ukrayna futbolunu idarə eləyən başlardan nə vaxtsa bizdə də olacaq və o zaman qərarların hansı məntiqlə verilməsindən biz də baş aça biləcəyik.
Həmid
saytlarin hazirlanmasi