"Futbolçular oruc tutur və bu əlavə problem yaradır” - Millimizin məşqçisi

16:52 - 6 İyul 2021

Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byazinin köməkçisi Aleksandro Skayya milli komandamızda gördükləri işlər barədə açıqlama verib.

 

Sportal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında yığmamızdakı vəziyyətdən danışıb: 

 

“Azərbaycan millisində yeni işlər görmək istəyirik, amma ortaya müəyyən çətinliklər çıxır. Orada futbolçuların bir çoxu müsəlmandır. Ramazan ayında oruc tuturlar və bu əlavə problem yaradır. Düzdür, klublarda vəziyyət nəzarət altındadır. Məsələn, oruc tutan futbolçular gün batanadək su içmirlər və bu da riskdir. Digər tərəfdən dil problemi var. Biz ingilis dilində danışırıq, amma futbolçular çox dil bilmir. Tərcüməçi lazım olur”. 

 

İtaliyalı mütəxəssis Premyer Liqada 8 komanda oynamasından söz açıb: “Cəmi 8 komanda var və ildə 4 dəfə üz-üzə gəlirlər. Komanda sayını artırmaq üzərində çalışırıq. De Byazi orada yaşayır və klubları izləyir. O, yığmaya öz fəlsəfəsini gətirmək niyyətindədir. Bakıda Avro-2020-nin oyunları keçirilir. Bakı Olimpiya Stadionu əla arenadır. Azərbaycan böyüyən və zəngin ölkədir. Orada özümüzü yaxşı hiss edirik”.

 

Çalışdırıcı Portuqaliya ilə DÇ-2022-nin seçmə mərhələ oyunun İtaliyanın Turin şəhərində keçirilməsinə də aydınlıq gətirib: "Əslində Lissabonda oynamalı idik, lakin pandemiya səbəbindən mümkün olmadı. Kristiano Ronaldonun sayəsində görüş Turinə salındı. Onu yanında görmək böyük emosiya idi. Amma Ronaldonu zərərsizləşdirə bildik. Bizə qol vura bilmədi. Təəssüf ki, avtoqolla uduzduq".

Xəbər xətti