“Mahir məşqlərə ciddi yanaşsa, “Legiya”da əsas heyət üzvü olacaq, Polşada ad-san qazanacaq”

10:15 - 7 İyul 2021

"Mahir son vaxtlarda yaxşı formada olduğu görünür, yoldaşlıq görüşlərində də göstərir ki, pik formasını yığır. Ümidvaram ki, o, çempionatda da, Çempionlar Liqasında da performansı göstərə biləcək”.

 

Bu sözləri Sportal.az-a açıqlamasında azərbaycanlı futbol veteranı Saşa Yunisoğlu deyib. Polşada legioner həyatı yaşamış və titul qazanmış Yunisoğlu millimizin forvardının “Legiya”(Varşava) klubundakı mümkün uğurlarından da söz açıb:

 

“Yoxlama oyunları olsa da, əsas odur ki, Mahirin ayağı açılıb, yaxşı formadadı. Görünür ki, o, məşqlərə ciddi yanaşır. Polşaya getməyilə də işinə ciddi yanaşdığını göstərdi. Belə davam etsə, məşqlərə ciddi yanaşsa, həm “Legiya”da əsas heyət üzvü olacaq, həm də Polşada ad-san qazanacaq. O, çox güclü futbolçu olacaq, potensialı imkan verir. Mahirin sürəti, texnikası, ağılı, meydançanı görməsi, cəld olması imkan verir ki, Polşadan da yuxarı liqalarda özünü göstərsin. Biz ona dəstəyik, Azərbaycanı təmsil edir. İnanıram ki, layiqincə də təmsil edəcək, bayrağımızı tək Polşada yox, ola bilər gələcək illərdə top futbol ölkələrinin birində oynasın”.

 

Vaxtilə “Qrotslin”lə avrokuboklara vəsiqə qazanmış Saşa, Mahirin ÇL-də də komandası üçün önəmli olacağını söyləyib: “Çempionlar Liqasında sifariş olundu, olunmalı idi də. Çünki o, "Legiya"nın ümidverən oyunçusdu. Polşada ondan çox şey gözləyirlər. Mahir də öz qolları ilə nəyi bacardığını sübut edib. Davamı gəlsin. Ona azarkeşlik edəcəyik. İyulun 24-də deyəsən liqaları başlayır, səhv etmirəmsə elə Anton Krivotsyukun komandasına qarşı oynayacaq. Yaxşı olacaq, uğurlar arzu edirəm. Mahir böyük potensiala malik futbolçudu, Azərbaycanın ən yaxşılarından biridi. Çoxdan getməliydi, nəhayət getdi. İnanırıq ki, "Legiya"dan dayaxşı kluba gedəcək".

Xəbər xətti