Elmar Baxşıyev: "Futbolçuların şərtləri ilə bizim büdcə üst-üstə düşmədi" - MÜSAHİBƏ

14:37 - 8 İyul 2021

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- "Qəbələ"nin yeni mövsümə hazırlığı necə gedir?

- Ayın 5-i Qəbələdə məşqlərə başlamışıq. İyulun 15-dək burada məşq edəcəyik. 15-dən sonra məşqlərimizi Bakıda davam etdirəcəyik. 16 iyul tarixində "Zirə" ilə, 21-i "Səbail"lə yoxlama oyunumuz olacaq. Gedən futbolçuların yerini büdcəmizə uyğun yerli və legioner oyunçularla doldurmağa çalışacağıq. Qarışıq komanda yaratmaq istəyirik. Heyətimizə həm təcrübəli futbolçular, həm akademiyamızın yetirmələrini, həm də legionerlər cəlb edəcəyik. Transferlə bağlı çalışmalarımız davam edir. Yaxın günlərdə sıralarımızda yeni futbolçular görə biləcəksiz.

 

- Komandadan gedən futbolçuları niyə saxlaya bilmədiniz?

- "Qəbələ"dən ayrılanlar hamısı yaxşı futbolçular idi. Yüksək ödənişli oyunçular idi. Onların maaşlarını ödəyə bilmədiyimizə görə, yollarımızı ayırmalı olduq. Futbolçuların şərtləri ilə bizim büdcə üst-üstə düşmədi. Bir futbolçunun maaşını ödəyə bilməyəcəyiksə, ona yalandan vədlər verə bilmərik.

 

- Razılıq əldə etdiyiniz legionerlər var?

- Bəyəndiyimiz əcnəbi futbolçular var. Amma rəsmi danışıqlarımız olmayıb. 

 

- Qəbələ" ötən mövsüm öz oyunu ilə xoş təsir bağışladı. Yeni mövsümdə necə oyuna ümid edirsiz?

- Legionerlər komandadan ayrılıb. Amma ümid edirəm ki, ötən mövsümkü oyundan daha artığını bu il görə biləcəyik. Heyətə yeni futbolçular cəlb edəndə də bizim fəlsəfəmizə uyğun olmaqlarına üstünlük veririk. 

 

- "Qəbələ"nin çempionatda hədəfi nə olacaq?

- Məqsədimiz öncə komandanı formalaşdırmaqdır. Heç bir rəqibdən çəkinmədən meydanda öz oyun üslubunu göstərməyə çalışan əzmkar komanda qurmaq istəyirik. 

Xəbər xətti