"Dinamo" futbolçuları uşaq səhvləri etməsəydi, "Neftçi"nin heç qol epizodu yox idi"

13:26 - 9 İyul 2021

"Matçı tribunadan izləyirdim. Çox ağır oyun alındı. Xüsusilə də "Neftçi" üçün. Çünki onlar təlim-məşq toplanışından sonra ilk rəsmi oyununa çıxmışdı. Futbolçuların hazır olmadığı hiss olunurdu".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında Gürcüstanın veteran futbolçusu Mixail Xutsişvili deyib. Hazırda menecerliklə məşğul olan, vaxtilə isə “Dinamo”(Tbilisi) və “Gəncə”, “Olimpik” klublarında çıxış etmiş gürcü Tbilisidə Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Dinamo" - "Neftçi" arasında keçirilən ilk oyunu dəyərləndirib. Onun fikirlərinə görə, “Neftçi”nin daha çox bəxti gətirib: “Dinamo” Çempionlar Liqası öncəsi güclənə bilmədi, sadəcə bir futbolçu gətirə bildilər, o da 10 dəqiqə oynadı. Komandaya da oyundan iki gün əvvəl qoşulmuşdu. İki gənc futbolçu satdılar – birini “Dinamo”ya (Moskva), o birini “Porto”ya. Yəni gedənlər də var idi. Lakin “Dinamo”nun pik formada olması hiss olunurdu, çünki Gürcüstan çempionat davam edir. Əslində qapıçı və sol cinah müdafiəçisi səhv etməsəydi, “Neftçi”nin heç qol epizodu yox idi. “Dinamo”nun qol epizodu daha çox idi. Son dəqiqədə hesab bərabərləşəcəkdi, sadəcə “Neftçi”nin bəxti gətirdi. Əslində mən “Neftçi”dən daha çox şey gözləyirdim. Komandanın potensialı var, yaxşı futbolçular oynayır, səviyyəli oyunçular gətiriblər. Bakıdakı matçda daha yaxşı oynayacaqlar. Çünki ikinci rəsmi matçları olacaqlar. Düşünürəm ki, Bakıdakı oyunda daha böyük mübarizə olacaq. İlk oyunda hardasa “Neftçi”nin bəxti də gətirdi. Əgər bayaq dediyim uşaq səhvləri olmasaydı, Tbilisidəki matç heç-heçə nəticələnrdi”. 

 

Xutsişvili "Neftçi" və "Dinamo" klublarının büdcələrini müqayisə edərək "ağ-qaralar"ın rəqibindən daha çox pul xərclədiyini bildirib: "Gürcüstanda hamı "Dinamo"nun qalib gələcəyini gözləyirdi deyə bilmərəm. Çünki hamı bilir ki, “Neftçi” “Dinamo”dan bəlkə 5 dəfə çox pul xərcləyir, “Dinamo”da üstün büdcəyə malikdi. Üstəlik indi “Dinamo”dakı maddi durum yaxşı deyil. Bu da dərhal görünür. Çünki avrokuboklar öncəsi komanda güclənmədi. “Neftçi” ilə oyunlarda əsas üstünlük, “Dinamo”nun formada olması idi. Bu da ilk oyunda nəticə vermədi”.

Xəbər xətti