“Neftçi”nin 5 ildən çox formasını geyinmiş, kapitan sarğısını daşımış Flavinyo Sportal.az saytına müsahibə verib:
- “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsi oyununda “Dinamo”ya səfərdə qalib gəldi. Belə nəticə gözləyirdin?
- Əslində bu cür nəticə gözləmək olardı. Əslində əla nəticədir. Ev oyunu öncəsi səfərdə qələbə qazanmaq həmişə yaxşıdır. Lakin hələ qarşıda ikinci oyun var və buna hazırlaşmaq lazımdı.
- Səncə, bu hesab “Neftçi”yə növbəti mərhələyə yüksəlməsi üçün kömək olacaq?
- Əlbəttə ki, ilk oyundakı səfər qələbəsi şansları 50 faiz artırır. Amma evdəki oyunda da uğurlu nəticə qazanmaq lazımdı.
- Gürcüstanlı mütəxəssislərin fikrincə, “Dinamo” daha yaxşı oynadı, sadəcə “Neftçi”nin bəxti gətirdi. Gürcüstanda çempionat davam edir, “Neftçi” isə ilk rəsmi oyununa çıxırdı. Bunu təsiri ola bilər?
- Məncə, bütün komandalara şans hər zaman lazımdı. İstəyir, zəif və ya güclü komanda, həmişə hamısının şansa ehtiyacı var. Ümid edək ki, “Neftçi” Bakıdakı oyunda daha yaxşı oynayıb, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək.
- “Dinamo” səddi keçilərsə, növbəti mərhələdəki rəqib “Olimpiakos” olacaq. Necə düşünürsən, yunan klubunu keçmək mümkündü?
- Doğrudur, hələ ki, qarşıdakı “Dinamo” matçı var. Amma “Olimpiakos”dan söhbət ediriksə, çox əla komanda haqda danışdığınızı deməliyəm. Təbii ki, “Olimpiakos”u keçmək çox çətin olacaq.
- Ümumiyyətlə, sabiq komandanın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını necə dəyərləndirirsən? “Neftçi” üçün ÇL, AL, yoxsa KL-in qrupuna qalmaq daha realdı?
- Düzünü desəm, “Neftçi”ni indi lap da yaxından izləmirəm. Sadəcə aldıqları nəticələr haqda xəbərdaram. Açığı, onların Çempionlar Liqasına düşmək üçün komanda yaratdıqlarını düşünmürəm.
- Sənin bu komandada oynadığın vaxtda “Neftçi” Avropa Liqasının qruplarına ilk dəfə qala bilmişdi. İkinci dəfə komandanın bu uğura çatmasını istəyərdin yəqin?
- “Neftçi” mənim üçün doğma komandadı. Əlbəttə ki, onların Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması üçün azarkeşlik edəcəm. Məncə, bu hazırki klub üçün çox gözəl nəticə olardı. Ümid edək ki, bu baş verəcək.