AVRO-2020 finalı: Onlar kimi favorit sayır?

11:27 - 11 İyul 2021

Bu gün futbol üzrə Avropa çempionatında final oyunu keçiriləcək.

 

Sportal.az bu qarşılaşma ilə bağlı futbol menecerlərinin fikrini öyrənib. Tural Əsgərov, Səbuhi Səfiyarlı və Vaqif Heydərli İngiltərə ilə İtaliya arasında baş tutacaq final görüşünü və Avropa çempionatını dəyərləndirib:

 

Tural Əsgərov: Mən İtaliyaya azarkeşlik edirəm. Proqnoz verməklə aram yoxdur. İtaliyanın qələbə qazanmağını istəyirəm, buna da inanıram. Mənim üçün favorit İtaliyadır. 

 

Mən çempionatın ən yaxşı oyunçularından biri kimi Sterlinqi görürəm. Hesab edirəm ki, İngiltərəni finala o yüksəltdi. İngiltərə komanda oyununu da yaxşı oynadı. Amma Sterlinqin gördüyü iş çoxdur. İngiltərə qrupdan iki qolla çıxıb, ikisini də i vurub. 

 

Avropa çempionatında Danimarka oyunu ilə təəccübləndirdi. Başlarına gələn hadisədən sonra mübarizə apardılar. 1992-ci ildəki uğuru təkrarlamağa çox yaxın idilər.

 

Almaniya və Fransa gözləniləndən zəif çıxış etdi. Onlardan daha yaxşı nəticə gözləyirdim. Ancaq istənilən nəticəni əldə edə bilmədilər.

 

Səbuhi Səfiyarlı: Mənim fikrimcə favorit İtaliyadır. Oyun, taktika və turnir boyu seçdikləri strategiya baxımından məncə çempion İtaliya olacaq. Amma İngiltərənin də şansı az deyil. Final elə şeydir ki, proqnoz vermək çətindir. İkisi də çox yüksək səviyyəli oyunçulardan təşkil olunmuş komandalardı. İngiltərə öz evində oynayır. Ona görə də kiminsə üstün olduğunu demək olmaz. Kim az səhv eləsə, o da qələbə qazanacaq.

Çempionatın kəşfi İspaniya millisinin yarımmüdafiəçisi Pedri oldu. "Barselona"da oyununu görmüşdük. Kataloniya klubunun yetirməsidir, ora öyrəşib. Yığma səviyyəsində də özünü itirmədi. Çox parlaq gələcəyi var. 

Birmənalı olaraq Türkiyə millisi məni təəssüfləndirdi. Fransa isə təəccübləndirdi. Komanda çempionata hazır deyildi. Daha yaxşı oynamalı idilər. Yaxşı mənada isə Danimarka millisi məni təəccübləndirdi. Eriksen kimi futbolçunu ilk oyunda itirməklərinə baxmayaraq, çempionata çox yaxşı hazırlaşmışdılar.

 

Vaqif Heydərli: Avropa Çempionatı başlayandan İtaliyanı favorit görürəm. Amma çempionatın sonuna doğru İngiltərə yüksələn xətlə getdi. Məncə bu gün ən yaxşı formalarındadırlar. Ona görə bir az tərəddüd edirəm. Amma yenə də oyunun İngiltərədə keçirilməsinə baxmayaraq İtaliyanı şanslı görürəm. 

 

Turnirdə parlayan oyunçular çox oldu. Amma məncə ən yadda qalan Pedridir. Biz zatən onun harada yetişdiyini bilirdik. Bütün komponentlərdə özünü yaxşı göstərdi. Belə oyunçular çoxdur. Kyeza var, Sterlinq yaxşı formadadır. Amma digərlərindən daha çox seçilən Pedri oldu. 

 

Təəssüfləndirən komanda Türkiyə, gözlənilməz isə Fransanın erkən mübarizəni dayandırması oldu. Türkiyənin indiki heyətindən çox şey gözləyirdik. Təəssüf ki, qrupdan çıxa bilmədilər. Təəccübləndirən isə Danimarka, Çexiya oldu. Fransanın uğursuzluğuna təəssüflənmmirəm.

Xəbər xətti