Azərbaycanlı futbol veteranı Mahmud Qurbanov Sportal.az saytına müsahibə verib. Futbolumuzun “professor”u Avropa çempionatı haqda fikirlərini bildirib:
- Bu gün Avropa çempionatının final oyunu keçiriləcək. İtaliya, yoxsa İngiltərəni favorit hesab edirsiniz?
- İngiltərə bir oyunu Romada Ukrayna ilə oynadı, qalan oyunların hamısını evdə oynayıb. Bu da qələbələr qazanmaqlarında köməklik olub. Hansı komandanın favorit olduğunu demək çətindi. Amma məncə, İtaliya Avropa çempionu olacaq. Yəni finalda üstünlüyü italiyalılara verərdim.
- Maraqlıdı, sizin bu turnirdə favoritiniz hansı komanda idi?
- Mənim üçün favorit İspaniya yığması idi. Onlara azarkeşlik edirdim. İspaniya ilə yanaşı Fransanı da qeyd edərdim. Çünki fransızların heyəti çox güclüdü. Amma ən çox ispanların çempion olmasını istəyərdim. Əfsuslar olsun ki, onlar penaltilərdə uduzdular, finala çıxa bilmədilər. Amma razılaşarsınız ki, İspaniya bu turnirdə həqiqətən çox yaxşı oynayırdı.
- Azərbaycanlı azarkeşlərin daha çox maraqla gözlədiyi yığma Türkiyə idi. Amma onlar uğursuzluğa düçar oldu. Sizcə, Türkiyə millisə nəyə görə Avropa çempionatını bu cür uğursuzluqla başa vurdu?
- Doğurdan, Türkiyə zəif oyunu ilə bizi təəccübləndirdi. Onlardan yaxşı nəticə gözləyirdik. Bakıda oynayırdılar, öz evlərində idilər. Azərbaycan və Türkiyə həmişə qardaş olub. Bizim azarkeşlər də Türkiyəni tək buraxmadı. Qonaq deyildilər, öz evlərində idilər. Qrupda İtaliya favorit idi, elə Türkyiə üçün qırılma nöqtəsi də Romadakı böyükhesablı məğlubiyyət oldu. Həmin məğlubiyyət Türkiyə millisində böyük ruh düşkünlüyü yaratdı. Bakıdakı Uels və İsveçrə matçlarında isə heç də yaxşı oyun göstərmədilər. Görünürdü ki, Türkiyə yığması Avropa çempionatının final mərhələsində oynamağa hazır deyildi. Mətbuatda da xoşagəlməz yazılar getdi ki, Türkiyə yığmasının içində problemlər var, futbolçular arasında, futbolçu-məşqçi arasında söz-söhbət yaranıb. Lider kimi görünən - Çağlar Söyüncü, Cengiz Ünder, Hakan Çalhanoğlu, Burak Yilmaz, Yusuf Yazıcıya böyük ümidlər bəslənilirdi. Onlar yığmanı öz arxasınca aparmalı idi. Lakin təəssüf ki, bunu görmədik. Sanki Türkiyə yığmasında hərə özü üçün oynayırdı. Futbolçular arasında da problem olduğu meydanda görünürdü. Lazım olanda bir-birilərinə ötürmələr etmirdilər, səhv edəndə də “atışmalar” olurdu. Bütün bunlar Türkiyə yığmasının çıxışına təsir etdi. Ümumiyyətlə, futbolda belə şeylər olanda komandanın oyununa təsir göstərir. Əfsuslar olsun ki, 3 il bundan qabaqkı Türkiyənin oyununu görmədik. Məncə, zəif çıxışların səbəbi o idi ki, futbolçuların bir-birilə və məşqçinin futbolçularla problemlərinin olması idi. Bu da Türkiyə yığmasının qrupdakı oyunlarına mənfi təsir göstərdi. Bizi də çox təsir göstərdi.
- İtaliya millisinin kapitanı Corce Kyellini deyib ki “İngiltərənin finala çıxması gözlənilən idi, çünki 7 oyunun 6-nı evdə oynayıblar”....
- Kyellini istehza ilə desə də, Avropa çempionatının oyunlarından qabaq onsuzda bilinirdi ki, İngiltərə ev oyunlarını elə evində oynayacaq. İngiltərə uduzsaydı hansısa komanda orada oynayacaqdı. Yarımfinal və finalın Uemblidə olacağı bilinirdi, bu barədə nəsə deməyə ehtiyac yoxdu. Bugünki oyun üçün bunun heç bir əhəmiyyəti yoxdu. Hər hansı bir yığma da yarımfinal Uemblidə oynayacaqdı, İngiltərə olmasa da başqa milli orada oynayacaqdı. Sadəcə İngiltərə ev oyunlarından yaxşı istifadə etdi. Təbii ki, üstünlük ingilislərdə olacaq, azarkeşlərin çoxluğu, meydan amili, İngiltərə üçün asan olacaq. Ancaq düşünmürəm ki, bu qədər gözəl oyun göstərən İtaliya finalda büdrəyə. İtaliyalılar həqiqətən yaxşı mənada təəccübləndirən komanda onlar oldu. Fikirləşirdim ki, qrupdan çıxsalar, İtaliya üçün pley-off mərhələsi çətin olacaq. Amma onlar finala qədər gəldi. Həm nəticə, həm də yaxşı oyunla finala gəlib çıxıblar. Qrupdan finala qədər göstərdikləri oyun ona əsas verir ki, çempion İtaliya olacaq. Gərgin və gözəl mübarizənin şahidi olacağıq. İngiltərə stabil oyun oynamayıb. Qrupda heç də yaxşı oynamadılar, son oyunlarında yaxşıdılar. Hər iki komanda finala gəlib çıxıbsa, deməli onların göstərdikləri oyun, nəticə digər yığmalardan yaxşıdı. Finala zəif komanda çıxmır, çıxa bilmir. Üstünlü İtaliya yığmasına verirəm.
- Son olaraq istəyirdim, “Legiya”dakı milli üzvü Mahir Emreli haqda fikirlərinizi öyrənim. “Bodo Qlimit”lə görüşdə dubl etdi. Mahirin çıxışını necə dəyərləndirirsiniz?
- Mahirin qol vurmasına hamımız sevinirik. Təbii ki, Çempionlar Liqasında iki qol vurması sevindirici. Hücumçuya xas olan, lazım olanını edib. Bizim üçün yaxşıdı. Futbolçularımızın Avropada oynaması millimizə xeyir verəcək. Ümid edirəm ki, qarşıdakı oyunlarda da öz performansını, bacarığını, potensialını göstərib, qollarını sıralasın, vursun. Hər halda Polşa Avropadı, orada Mahirin vuracağı qollar digər klubların diqqətini tez cəlb edəcək, transfer siyahısına cəld daxil olacaq. Bu baxımdan hər şey Mahirin özündən asılıdı. İlk rəsmi oyunda dubl etməsi, özü üçün, Azərbaycan futbolu üçün, azarkeşlər üçün çox yaxşı oldu. Biz də Mahirə görə “Legiya”ya azarkeşlik edirik. Ümid edək ki, həmişə əsas heyətdə oynasın və qollarını vursun.