"Sumqayıt"ın qapıçısı: "Növbəti mərhələyə yüksəlməyi çox istəyirik" MÜSAHİBƏ

11:30 - 12 İyul 2021

"Sumqayıt"ın qapıçısı Aydın Bayramov Sportal.az saytına müsahibə verib.

 

25 yaşlı "əlcək sahibi" komandasının təlim-məşq toplanşı, Avtopa Konfrans Liqasına hazırlıqları barədə danışıb.

 

- Türkiyədəki hazırlıqlarınız necə gedir?

- Bakıdakı toplanşın ardından iyulun 2-dən Türkiyəyə gəlmişik. Çox yaxşı toplanış keçdiyimizi düşünürəm. Qızılcahamamda hər şey bizi qane edir. Gündə iki dəfə məşq edib məşqçilərin verdiyi tapşırıqları həyata keçirməyə çalışırıq. Hava və ümumi şərait də yaxşı hazırlaşmağımıza kömək olur. Toplanış çərçivəsində 2 yoxlama oyunu da keçirmişik. Qarşıda bizi daha iki oyun gözləyir. Bu müddətdən maksimum yararlanmaq istəyirik. İnşallah təlim-məşq toplanışının sonuna qədər hazır vəziyyətə gəlib yeni mövsümə hazır olarıq.

 

-  "Ankara Keçiörengücü" və "Sivasspor"la yoxlama oyunları keçirdiz. Bu matçlar haqda haqda danışardız...

- Əlbəttə, yoxlama oyunlarında nəticə önəmli olmasa da, bu qarşılaşmalar mövsüm öncəsi hazırlığımızın əsas hissəsini təşkil edir. İlk qarşılaşmada “Ankara Keçiörengücü” ilə qarşılaşdıq. İlk yoxlama matçı olduğundan çətin keçdi. İkinci qarşılaşmada ötən mövsüm Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sivasspor"la üz-üzə gəldik. İlk oyundan fərqli olaraq bu qarşılaşmada daha yaxşı oynadıq. Qarşıda daha iki oyunumuz var. Ümid edirəm mövsümün startına və Konfrans Liqasına qədər hazır olarıq.

 

Konfrans Liqasında Serbiya təmsilçisi “Çukariçki” ilə qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsüz?

- Rəqib haqqında məlumat toplamağa davam edirik. Rəqibimiz olduqca səviyyəli komandadır, ötən mövsümü 3-cü pillədə bitiriblər. Fiziki cəhətdən çox güclü komandadırlar. Səhv etmirəmsə hazırlıq toplanışında keçirdiyi heç bir yoxlama oyununda da məğlub olmayıblar. Məşqçilərimiz bu komandanı yaxından izləyir və bizə lazım olan məlumatları və göstərişləri verirlər. Bizi olduqca çətin bir mübarizə gözləyir. Növbəti mərhələyə yüksəlməyi çox istəyirik. Bunun üçün yaxşı komandamızın olduğunu düşünürəm. 

 

- "Çukariçki" iləoyunda şansları necə dəyərləndirirsiz?

- Əvvəldə qeyd etdiyim kimi bu dəfəki rəqibimiz “Çukariçki” də çox yaxşı komandadır. Fikrimcə, bu cür qarşılaşmalarda şanslar bərabərdir. Ümid edirəm ki, yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirəcəyik. Ötən mövsümlə müqayisədə bu mövsüm heyətimizi qorumağı bacarmışıq, bu bizim üçün üstünlükdür. İnşallah səfərdən sərfəli nəticə ilə qayıdıb azarkeşlərimiz önündə qələbə qazanıb mərhələni keçərik.

 

- "Sumqayıt"ın əsas qapıçısı olacaqsız. Özünüzü bu məsuliyyətə hazır hiss edirsiz?

- Qapıda kimin durub-durmayacağına, əsas qapıçı kimin olacağına məşqçilər korpusu qərar verəcək. Etimad göstərildiyi halda ən yaxşısını etməyə çalışacam.

Xəbər xətti