"Azərbaycanda oynamaq variantım oldu, amma xaricə yollanmaq istəyirəm"

17:12 - 12 İyul 2021

"Moldovadan qayıtdıqdan sonra bir çox klubla danışıq apardım. Real təkliflər də var idi. Amma pandemiya transferimə mane oldu. Hazırda Bakıdayam və danışıqları davam etdirirəm".

 

Bunu Sportal.az saytına açıqlamasında azərbaycanlı futbolçu Amit Quluzadə deyib. 

 

Son dəfə Moldovada "Milsami" klubunda legioner həyatı yaşamış yarımmüdafiəçi gələcək karyerası haqda danışıb. O, yenidən xaricə yollanmağının real olduğunu dilə gətirib: 

 

"Azərbaycanda oynamaq variantım oldu. Amma istəmədim. Xaricə yollanmaq istəyirəm. Variantlar da var, danışıqlar davam edir. Ölkə xaricində ən çox klubda oynamış azərbaycanlı ünvanına sahib olmaqdan da şadam. Yenə də yollanacam xaricə. Necə olacağını yaxınlarda biləcəyik. İndi danışıqlarım davam edir, yaxın günlərdə dəqiqləşəcək. Şimali Makedoniya və Bolqarıstan klublarından təkliflərim var. Qismət olsa, alınsın, gedəcəm”.

 

Xatırladaq ki, Amit “Neftçi”, “Qəbələ”, “Sumqayıt”, “Rəvan”, “Səbail”lə yanaşı ölkə xaricində “Atletiko”(Lissabon), “Larissa”, “Drita”, “Çelik”, “Kayseri Ərciyəsspor” klublarının formasını geyinib. 

Xəbər xətti