"Onlara legioner həyatı yaşamaq istədiyimi bildirdim" - MÜSAHİBƏ

10:44 - 13 İyul 2021

"Səbail"dən ayrılaraq legioner həyatı yaşamağa qərar verən və yaxın günlərdə Avropaya yollanacağı gözlənilən Turan Manafov Sportal.az saytına müsahibə verib. U-21 yığmamızın sabiq üzvü hansı ölkədə legioner həyatı yaşaya biləcəyini də bildirib.

 

- Xarici klublardan təkliflərin realdı? Nə vaxt xaricə yollanmağı düşünürsən?
- Bəli, təkliflərim var. Hələ ki, danışıqlar gedir. Əgər danışıqlar müsbət alınsa, xaricə yollanacam. Az qalıb.

 

- Maraqlıdı, hansı klublardan təklif almısan?
- Klubların adını çəkməyim düz olmaz. Amma hansı ölkələrə yollanmaq ehtimalımın olduğunu deyə bilərəm. Variantlar arasında Polşa, Rusiya, Ukrayna və Şimali Makedoniya klubları var. Hansında şərtlər yaxşı olsa, qane etsə, həmin kluba da gedəcəm.

 

- “Səbail”də əsas heyətdə çıxış edirdin. Nə yaxşı, bu komandada qalmaq istəmədin? 
- Azərbaycanda qalası olsam, ilk növbədə “Səbail”lə danışıqlar aparacam. Özlərinə də demişdim. Amma fikrim Azərbaycandan kənarda oynamaqdı. Çünki karyera baxımından daha da irəli getmək istəyirəm. Sağolsun, klubum da mənim fikrimə hörmətlə yanaşdı. Buna görə onlara təşəkkür edirəm. 

 

- Yəni legioner həyatı yaşamağa özün can atırsan. Adətən azərbaycanlı futbolçular legioner həyatı yaşamağa üstünlük vermirlər deyə soruşuram...
- Bilirsiz, məncə, ölkə xaricində daha da çox irəliləyişim olacaq. Elə buna görə də burada qalmaq yox, xaricə yollanıb, orada oynamaq istəyirəm. Beynimdə olan bu dəqiqə məhz budur. Qısa zamanda hər şey dəqiqləşəcək. Danışıqlar gedir, görək necə olacaq.

 

- Aftandil Hacıyevlə danışmısan? Mövsümə “Səbail”də başlamayacağın dəqiqdi?
- Dediyim kimi “Səbail”lə danışığım olub. Onlara legioner həyatı yaşamaq istədiyimi bildirdim. Onlar da razılaşdılar. Ancaq Azərbaycanda qalası olsam, birinci onlarla danışıqlar aparacam. 

 

- Belə çıxır ki, klublarımızdan digərlərilə danışıq aparmamısan?
- Xeyr. Heç bir klubumuzla danışığım olmayıb.

Xəbər xətti