"Neftçi"nin yeni transferi - Bernardo Silva, Oblak və "Qarabağ"lını da tanıyır

14:57 - 13 İyul 2021

“Neftçi”nin böyük ümidlərlə heyətinə qatdığı Harramiz Soareş Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Dinamo” ilə görüşündə rəsmi debüt etdi. Vingerin “Neftçi”yə böyük ümidlərlə gətirilməsi əslində normaldı.

Bütün karyerası yalnız Portuqaliya ilə bağlı olan futbolçu Primeroda 2 oyun keçirsə də, Sequnda da nə az, nə çox 225 oyun keçirib və 48 qol vurub. İlk dəfə Piriney yarımadasından uzaq yerdə oynayacaq Harramişin adından söz etdirdiyi yer “Benfika”nın B komandası olub.

 

Portuqaliya nəhənginin ikinci komandasında 2013/2014 mövsümündə Yan Oblak, Bernardo Silva, Joa Kanselo, Andre Qomeş, Viktor Lindelöf kimi ulduzlarla komanda yoldaşı olmuş Harramizi əslində Azərbaycanda qarşılayan tanış sima da var. Həmin şəxs hazırda “Qarabağ” forması geyinən Uroş Matiçdi. Eyni mövsümdə komandanın uğuru üçün mübarizə aparan Harramiz və Matiçin indi də münasibətlərinin yaxşı olduğnu ehtimal etmək çətin deyil. Onların “Benfika”dan ayrılıqları da eyni vaxta təsadüf edib. Matiç mövsüm sonunda “NAK Breda”, Harramiz isə “Farense”nin yolunu tutub. Matiçin Azərbaycanda çıxış etməsi, Harramişin ölkəmizdə adaptasiya problemi yaşamamasına da kömək ola bilər. 
 


“Neftçi”liyə “Benfika”dan tanış olan, Azərbaycanda oynamış, futbolsevərlərimizə tanış digər sima isə Klesio Baukdu. “Qəbələ” və “Zirə”də özünü yetərincə yaxşı göstərən mozambikli Harramişlə yaxından tanış olsa da, onunla eyni anda meydana çıxmağa müəssər olmayıb. Afrikalının start heyətində meydana çıxdığı əksər matçlarda Klesio meydana çıxmayıb. Adı siyahıda daxil edilsə də. 

 

Araşdırmamıza görə, “flaqman”ın yeni futbolçusunun Azərbaycandan tanıdığı sonuncu futbolçu isə Miqel Lorentsodu. 2016/2017 mövsümündə “Setubal”dan “Zirə”yə icarəyə gələn portuqalın Harramişlə yolu “Mafra”da kəsişib. 2018/2019 mövsümündə 10 qol vuraraq komandaya köməyini göstərən Harramiş sonradan Miqellə və “Mafra” ilə sağollaşaraq “Leykşoeş”ə yollanıb. Sequndada 225 oyuna, 48 qol vuran san-tomelinin “Neftçi”də hansı effekti verəcəyi mövsüm sonunda bilinəcək. 

Xəbər xətti