Vaxtilə Almaniyanın 17 yaşlılardan ibarət yığma komandasında oynadıqdan sonra Azərbaycanın U-21 yığmasına dəvət edilən Timur Temeltaş qarşıdakı mövsüm Türkiyə birinci liqasında mübarizə aparacaq “Eyüpspor” forması geyinir.
Azərbaycanın əsas millisinə heç vaxt dəvət edilməyən futbolçu Sportal.az saytına müsahibəsində yığmamız üçün oynamağa hazır olduğunu bildirib:
- “Eyüpspor”da işlərin necə gedir? Yeni mövsüm komandanın məqsədi nədən ibarət olacaq?
- Komandada işlər qaydasında gedir. Boluda birinci və ikinci toplanışı həyata keçiririk. Elə yeni mövsümə hazırlaşırıq.
- Səkkiz il əvvəl Azərbaycanın U-21 yığmasına dəvət alırdın. Yığmamızda oynamağın necə alınmışdı?
- Almaniyada oynayan vaxtlarda Bernard Lippert mənə zəng etmişdi. Həmin vaxtki durumu mənə başa salmışdı. Təklif haqda danışdı. Mən də Azərbaycan millisində sevə-sevə oynayaram dedim və qəbul etdim.
- U-21 yığmamızda oynayanda Azərbaycanın əsas millisində çıxış edəcəyinə inanırdın? İndiyə kimi heç vaxt əsas millidən dəvət gəlməyib, söz-söhbət belə olmayıb?
- Əlbəttə ki, hədəfim Azərbaycanın əsas millisində oynamaqdı. O vaxtı da bu cür idi. Sadəcə o dönəmlərdə 1-2 dəfə gələ bilmədim. Əvvəlki komandam icazə vermədi. Ondan sonra da təəssüflər olsun ki, bir daha Azərbaycan millisindən təklif gəlmədi.
- Bəs, Azərbaycan yığmasında oynamaq karyerana necə təsir etdi?
- Milli səviyyəsində oyunlara çıxmaq hər zaman gözəldi. Həm mənim karyeram baxımından, həm də təcrübə baxımından, bu önəmlidi. Bakıda olanda gözəl insanlarla da tanış olmuşdum.
- Hazırda “Eyüpspor”un heyətincə birinci liqada oynayacaqsan. Hər halda Türkiyə birinci liqasında çıxış edən futbolçunun Azərbaycanın əsas millisinə dəvət edilməsi gözlənilən ola bilər?
- Azərbaycan millisinin baş məşqçisinin seçimidir. Mən hər zaman millidə oynamağa hazıram. Vəziyyətim də yaxşıdı. Ümid edirəm ki, yaxın zamanlarda millidən dəvət gələr.
- Azərbaycan millisinin baş məşqçisi Canni De Byazidir. Səncə, o, səni tanıyır, məlumatlıdı?
- Canni De Byazinin məni tanıyıb-tanımadığını bilmirəm. Ümidvaram ki, keçmişə qayıdıb araşdırma aparar və məni növbəti toplanışlar üçün seçimləri sırasına qatar. Özümü də yenidən göstərmək istəyərəm.
- Yığma komandanı başa düşdüm. Bəs heç, Azərbaycan klublarından da dəvət gəlməyib sənə?
- Klublardan təkliflər almışdım. İlyarım əvvəl Azərbaycan klubunda oynamaq üçün gəlirdim. Amma son anda baş tutmadı. İnanın, sevə-sevə Bakıda klubların birində oynamaq istəyərəm. Allah qoysa, növbəti illərdə nəsib olar.
- “Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiçin Azərbaycan millisində oynayacağından xəbərdarsan? Səncə, xeyir verər millimizə?
- Ozobiçi “Qarabağ”dan tanıyıram. Səviyyəli, keyfiyyətli oyunçudur. Ümid edirəm ki, Azərbaycan millisinə xeyir verər və milli komanda özü də uğurlu çıxış edər.