Ötən mövsüm avrokuboklar uğrunda mübarizə aparan, amma sonda istəyini gerçəkləşdirə bilməyən "Zirə" növbəti mövsüm üçün daha iddialı heyət qurmağa davam edir. Rəşad Sadıqovun bəyəndiyi və komandaya dəvət etdiyi Mohammad Hamdui daha çox diqqəti çəkir. Mərakeşəsilli, niderlandlı futbolçu "Ayaks"ın da yetirməsi hesab edilir. Niderlandda 6 fərqli klubda oynamış forvard, bu ölkənin yüksək liqası sayılan Eredivizada cəmi 8 oyun keçirib. Daha çox aşağı liqada çıxış edən hücumçu 92 matçdan 27 qola imza atıb.
Peşəkar karyerasında indiyə qədər cəmi 6 sarı vərəqə ilə cəzalandırılan Hamdui, 1 dəfə də meydandan qovulub. O da 2019/2020 mövsümündə “De Qrafşap”ın heyətində “Dordrext”ə qarşı keçirilən matçda.
Futbolçu yetərincə tanınmış ulduzlarla və vaxtilə Azərbaycanda oynamış legionerlərlə də eyni formanı geyinib.
"Zirə"linin ilk peşəkar klubu "Vitess" olsa da, o, burada oynamayıb, yalnız icarəyə yollanıb. Onun peşəkar karyerası ərzində komanda yoldaşı olduğu ən tanınmış futbolçu Robin Qosensi desək, yəqin ki, yanılmarıq. Özü də elə Arnemdən "Dordrext"ə yollandığı ilk ildəcə, sonradan Almaniya millisinin aparıcı üzvü olacaq Qosenslə tanış olub. "Atalanta"nın 35 milyonluq ulduzundan savayı hazırda "Uotford" və Nigeriya millisinin müdafiəçisi Vilyam Ekonqla da komanda yoldaşı olmuş Hamdui üçün bu klubda bizim üçün tanış sima peyda olub. Belə ki, əvvəllər Azərbaycanda, özü də “Zirə”də çıxış etmiş Rihairo Mulenslə Hamdui ilə eyni komandada çıxış edib. Kürasao yığmasının hücumçusu 2015/2016 sezonunda Azərbaycana gəlmiş, özünü o qədər də göstərə bilməmiş ölkəmizi tərk etmişdi.
2017/2018 mövsümündə "Telstar"a yollanan forvard, Eymeyden təmsilçisinin heyətində "Neftçi" azarkeşlərinə yaxşı tanış olan Melvin Platye ilə birlikdə oynayıb. "Ağ-qaralar"ın eks forvardı ilə həmin sezon yaxşı tandem təşkil edən Hamdui 35 matça 11 qol vurub. "Neftçi"də özünü heç cürə yaxşı tərəfdən göstərə bilməyən Platye isə həmin sezon ondan 3 qol çox vurmuşdu.
Qəsəbə təmsilçisinin böyük ümidlərlə tranfer etdiyi forvardı, vaxtilə ölkəmizdə oynamış və tanıyanlardan biri də braziliyalıdı. 2018/2019 mövsümünün yarısını “Tvente”də keçirən Hamdui burada, “Qəbələ”nin ən yaddaqalan heyətində yer alanlardan biri olan Rikardinyo ilə tanış olub. Rikardinyo ilə eyni komanda üçün mübarizə aparan Hamduinin, ən yaxşı münasibətinin Platye ilə olduğunu desək, yəqin ki, yanılmarıq.
Çünki bu iki futbolçunun yolu bir də ötən mövsüm "De Qrafşap"da yenidən kəsişib. "Neftçi"nin keçmiş hücumçusu İndoneziyaya yollanmamışdan əvvəl "Zirə"nin yeni transferi ilə eyni anda bu komanda üçün mübarizə aparıb. Bu mənada, Hamduinun Azərbaycanan gəlməmişdən əvvəl, çempionatımız barədə məsləhət ala biləcəyi insanın olduğunu ehtimal etmək çətin deyil.
saytlarin hazirlanmasi