“Səbail”in yarımmüdafiəçisi, Azərbaycan milli komandasının və “Qarabağ”ın uzun illər formasını geyinmiş Əfran İsmayılov Sportal.az saytına müsahibə verib:
- Toplanışınız necə davam edir? Gürcüstana nə vaxt yollanırsınız?
- Hər şey qaydasındadı, iyulun 22-də Bakı toplanışını başa vurub, bir gün sonra Gürcüstana yollanmaq planımız var. Tam dəqiqləşməyib. Amma variant budur.
- Rəhbərlik ötən mövsümdən qalan borcları bağlayıb, yoxsa hələ gözləyirsiniz?
- Borclarımız demək olar ki, bağlanıb. Bir az pul qalıb. Onu da tezliklə bağlayacaqlarını bildiriblər.
- Qarşıdakı mövsümdə necə, ötən mövsümki kimi pul problemi olmayacağına əmin ediblər sizi?
- Söz veriblər ki, gələn mövsüm yaxşı olacaq. Bir də belə problemlər olmayacaq. Biz də fikirləşirik ki, gələn mövsüm hər şey yaxşı olacaq.
- Başqa komandalardan təklifin yox idi deyə, “Səbail”də qaldın?
- İnanın, heç təkliflər haqda fikirləşmirdim. Çünki “Səbail” təklif göndərdi, elə onlarla da müqavilə imzaladım. Bilirsiz, bu klub hər tərəfli məni razı salır. Baş məşqçi, baza, komanda yoldaşlarım, hər tərəfdən burada özümü rahat hiss edirəm. Ona görə də klubun təklifini müsbət dəyərləndirdim.
- Ötən mövsüm pis təsir bağışlamadın. Bəs qarşıdakı mövsüm özünü yaxşı tərəfdən göstərəcəyin təqdirdə, Canni De Biazinin siyahısına daxil olub milliyə dəvət alacağını ehtimal edirsən?
- Vallah bu barədə bir söz deyə bilmərəm. Mən əlimdən gələni edirəm. Ki, elə özüm üçün də, faydalı olsun, klub üçün də. Qalan məsələlərə millinin məşqçiləri qərar verir.
- Robert Prosineçkinin vaxtında hər kəs səni, xorvatın ən sevimli oyunçusu adlandırırdı. Necə düşünürsən, De Biazinin millisi güclüdü, yoxsa Prosineçkinin vaxtında güclüydük?
- Sevimlisiydin deyəndə, mən milli üçün əlimdən gələni edirdim. Prosineçki özü də görürdü ki, Azərbaycan millisi üçün maksimumu ortaya qoyuram. Əslində milli komanda başqa atmosferdi, bunu həmişə demişəm. Zəif və güclü məsələsinə gəlincə, onu demək olmaz. Çünki hansı millinin güclü olmasını nəticələr göstərəcək. Hansı baş məşqçi olursa-olsun əsas odur ki, millimiz üçün fayda versin.
- Yeri gəlmişkən, “Qarabağ”ın futbolçusu Filip Ozobiç Azərbaycan millisində çıxış edəcək. 30 yaşlı futbolçu millimizə xeyir verə bilər?
- Bəli, eşitdim bu xəbəri. Əslində 30 yaş az deyil. Ozobiçin yaxşı futbolçu olmasını hamımız bilirik və heç kim bunu danmır. Amma millidə necə olacaq, onu bilmirəm. Çünki milli komanda başqadı, orada oynamaq daha çətindi. Ona görə ki, güclü komandalarla oynayırsan, çətin oyunlar olur. Allah qoysa Ozobiç milli üçün xeyirli olar.
- Millidən söz düşmüşkən, yığmada əsas hücumçulardan olan Mahir Emreli “Legiya”da qollarını sıralayır. Səncə, o, özünü daha yaxşı göstərərsə, lap güclü liqalarda oynayacaq?
- Mahir haqda nəinki mən, ümumiyyətlə, hamı müsbət fikirdədi. O, öz qolları, oyunu ilə hamımızı sevindirir. Onu qarşıdakı mövsümlərdə daha yaxşı yerlərdə görmək istəyirəm. Əslində özündən çox şey asılıdı. Tramplin üçün Mahir çox yaxşı yer seçib. Nəticə verəcəyi təqdirdə, daha yaxşı yerlərə gedəcək. Hamımız Mahir üçün dua edirik ki, ən yaxşısı olsun. Hara ürəyincədirsə, o da olsun.
- Uzun illər formasını geyindiyin “Qarabağ” bu dəfə Konfrans Liqasında ölkəmizi təmsil edəcək. Onların qruplara qalmasını gözləyənlər çoxdu. Hazırki heyət buna imkan verir?
- “Qarabağ” sözünü Avropada deyib. Ona görə də onlardan çəkinirlər. Amma ilk oyunlarda hər zaman çətindi. “Aşdod”la oyunda və ümumiyyətlə, həmişə “Qarabağ”a uğurlar arzulayıram. Hələ bu mərhələni keçsinlər qrup haqda fikirləşərlər. İnanıram ki, “Aşdod”u keçərlər. Hazırki heyət də imkan verir ki, komanda daha yuxarılara getsin, qruplara düşsün, qrupdan çıxsın.
- Qarşıdakı mövsüm “Səbail”in əsas məqsədi nədən ibarət olacaq? Yeni mövsüm çempionatda daha güclü rəqabət gözləyirsən?
- Klubun büdcəsi düşdü. Çox futbolçu komandadan getdi. Çalışırıq ki, komanda toparlansın. Gələn mövsümdə də yaxşı futbol göstərək, maksimum xallar yığaq, yuxarı pillələrdə məskunlaşaq.
- Səncə, “Qarabağ” titulu “Neftçi”dən geri ala biləcək?
- Onu deyə bilmərəm. Amma hər ikisi çempionluğa layiqdi. Mən həmişə “Qarabağ”ın çempion olmasını istəyirəm.