"Neftçi" Yunanıstanda qalib gəlsə, daha yaxşı olar" - MÜSAHİBƏ

11:57 - 19 İyul 2021

Azərbaycanın futbol veteranı, "Neftçi"nin keçmiş futbolçusu və baş məşqçisi Əsgər Abdullayev Sportal.az saytına müsahibə verib:

 

- "Neftçi" Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Dinamo" ilə görüşlərindən qalib ayrıla bildi. “Ağ-qaralar”ın oyununu necə dəyərləndirdiniz?
- “Neftçi” “Dinamo”nu həm səfərdə, həm də evdə məğlub etdi. “Dinamo” Sovet dönəmində uğurlu çıxışları və UEFA kubokunu qazanmağı ilə yadda qalıb. SSRİ dönəmində çox güclü komandalardan biri idi. "Neftçi"nin hər iki görüşdə qələbə qazanması sevindiricidi. 

 

- Necə düşünürsünüz, "Neftçi"nin əsas problemli nöqtəsi, daha çox səhv etdiyi mövqe hansıdır və daha çox nəyin üzərində işləməlidirlər?
- Ümumilikdə komandanı müzakirə etmək istəmirəm. “Neftçi” komanda olaraq yaxşı təsir bağışladı. Bununla da növbəti mərhələyə adladı.

 

- Komandanin yeni transferlərə çox ehtiyacı var?
- Bilirsiz, onsuzda hər bir klubun yaxşı transferlərə ehtiyacı var. Transfer klubdaxili məsələdi, bu haqda nəsə deməyimiz doğru olmaz.

 

- Samir Abasov bir vaxtlar futbolçusu olduğu Kaxaber Sxadadzeni məşqçi kimi məğlub etməyi bacardı. Abasovun Kaxanı udduğunu demək olar, yoxsa futbolçular keyfiyyət məsələsində üstün idilər gürcülərdən?
- Mən həmişə deyirəm ki, məşqçi məşqçini heç vaxt müzakirə etməməlidi. Yalnız müdafiə etməlidi. Çünki hamı həmkardı.

 

- "Neftçi"ni qarşıda daha çətin rəqib, daha ciddi komanda - "Olimpiakos" gözləyir. Yunanıstan çempionu ilə oyunda "Neftçi"nin mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz? Sizcə, paytaxt klubunun mərhələ keçmək şansı neçə faizdi?
- Vallah faizi bilmirəm. Amma onu bilirəm ki, dünyada məğlubedilməz komanda yoxdu. “Neftçi” də “Olimpiakos”la görüşdə uğurlu nəticə üçün oynayacaq. 

 

 - "Olimpiakos" "Dinamo"dan fərqli olaraq çempionatda oyun keçirməyib, yunanlar da yeni mövsümə hazırlığı davam etdirir. "Neftçi" isə artıq 2 rəsmi oyun keçirib. Bu mənada, "Neftçi"nin bir az da olsa üstünlüyü var? İlk oyunun Yunanıstanda olduğunu nəzərə alsaq, Bakıya hansı hesabla dönmək “Neftçi"yə ümid verəcək?
- Fikrimcə, “Neftçi” Yunanıstanda qalib gəlsə daha yaxşı olar. Amma heç-heçə və ya minimalhesablı məğlubiyyət “Neftçi”yə evdə mərhələ keçmək üçün şans yaradacaq. Oyunları gözləyək, görək necə olacaq.

 

- "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç milliləşdirildi və Azərbaycan millisində çıxış edəcək. Bu futbolçunu 30 yaşında milliləşdirmək və milliyə cəlb etmək yığmaya nə verəcək?
- Yaş məsələsi bizdə dəbdir. Bu yaxınlarda fikir verdiniz, İtaliya millisindəki 2 mərkəz müdafiəçisinə. Birinin 34, digərinin 36 yaşı var. Amma Avropa çempionu oldular. Heç kimdən də geri qalmırdılar ki, irəlidəydilər. Komandanın uğurunda təcrübənin vacib rol oynadığını bir daha gördük. Belə bir məsələ də var, insan yaşla deyil, ruhən qocalır. Əsas odur ki, insanın ruhu cavan olsun. Filip Ozobiçə gəlincə, Azərbaycan millisinə çox kömək edəcəyinə inanıram. 

Xəbər xətti