“Qarabağ”ın futbolçusu, Azərbaycan millisindəki debütünə hazırlaşan Filip Ozobiç ölkəsinin mətbuatına danışıb. Sportal.az həmin müsahibəni təqdim edir:
“Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi mənə zəng elədi və FİFA-dan millidə oynamağım üçün “yaşıl işıq” olduğunu bildirdi. Hazırda Azərbaycan millisinin oyunçusu hesab edilirəm. De Byazi mənə millidə “xoş gəldin” dedi, mən də milliyə kömək edəcəyimi bildirdim. Azərbaycan millisi yaxşı komandadı.
- De Byazi Albaniya millisini AVRO-2016-nın final mərhələsinə çıxarmışdı. Sizdən gözləntiləri çoxdu?
- Biz bu haqda danışmamışıq. Amma bundan əvvəl də məni millidə görmək istədiyini bilirdim. Çünki onunla bir neçə dəfə görüşmüşdük və mənim millidəki mümkün çıxış barəsində olan planlarından danışmışdı. Şadam ki, hər şey yaxşı alındı. FİFA-ya müracət etmişdik, müsbət cavab gəldi. AFFA-dan mənə dərhal hər şeyin yaxşı olacağını bildirdilər.
- Xorvat futbolçunun Azərbaycan millisini seçməsinə nə sövq etdi? Sizin üçün yeni çağırışdı?
- Bilirsiz ki, Xorvatiya millisində rəqəbət və keyfiyyət yüksəkdi. Ona görə Xorvatiya millisində oynamaq şansım yox idi. Bununla barışmışdım. Mənim 30 yaşım var və buna görə əsəbləşmirəm. Real adamam. İki variantım qalmışdı, ya hər zaman milli forması geyinmək ideyasından imtina etmək və ya Azərbaycan millisinin formasını geyinmək. Azərbaycan millisində oynamaq mənim üçün yeni çağırışdı. Çünki yaxşı komandadı. Milli səviyyəsində oynamağım, dünya səviyyəli oyunçulara qarşı çıxış etməyim üçün əla şans olacaq. Portuqaliya millisi ilə də eyni qrupdayıq. Yaxın vaxtlarda Ronaldo ilə üz-üzə gələ bilərəm.
- Azərbaycan Xorvatiya üçün əlverişsiz rəqib olsa da, bu komanda hələ də final mərhələlərinə çıxa bilmir...
- Azərbaycan millisinin daha yaxşısını əldə etməsi üçün potensialı var. Bu komandanın bir hissəsi olmaq xoşdu. Məlum məsələdir ki, Xorvatiya Azərbaycan millisindən daha güclüdür. Ancaq gördünüz ki, Bakıdakı matçda Xorvatiya Azərbaycanı məğlub edə bilmədi, Zaqrebdəki matçda isə çətinliklə qalib gəldi.
- Azərbaycan ürəyinizdə yer tutur?
- Əlbəttə. Özümü çox yaxşı hiss edirəm. Beş ildə heç bir problemim olmayıb. Azərbaycan haqda yalnız xoş sözlər danışa bilərəm.
- Özünüzü nə qədər azərbaycanlı kimi hiss edirsiniz?
- Özümü cəmiyyətin bir hissəsi kimi hiss edirəm, əlimdən gələnin ən yaxşısını edəcəm. Azərbaycanda rus dilində danışıram. Rusiyada olduğun vaxtda öyrənmişəm. Azərbaycanda insanların çoxu rusca danışmağı bacarır. Lakin indiki gənclər rusca o qədər də rahat danışa bilmir. Ona görə də Azərbaycanda dilində öyrənməyə başlamışam. Ki, onlarla meydanda bir-birimizi daha yaxşı başa düşək. Dediyim kimi rus dilində danışılan yerlər az deyil, amma istənilən halda Azərbaycan dili ön plandadı.
- Azərbaycan millisinin formasında ilk oyununuz sentyabrın 1-də Lüksemburqa qarşı ola bilər. Üç gün sonra isə İrlandiyaya uçacaqsınız. Sentyabrın 7-də isə Bakıda Portuqaliyanı qəbul edəcəksiniz...
- Azərbaycan millisinin formasını geyinəcəyim ilk oyunu səbirsizliklə gözləyirəm. Doğurdan, səbirsizlənirəm. Düşünürəm ki, sentyabrda millidə debüt matçımı keçirəcəm.
- Oktyabrda isə Azərbaycan evdə İrlandiya ilə oynayacaq, ardınca isə Serbiyaya yollanacaq...
- Serbiyaya yollanmamışdan əvvəl Azərbaycan millisində oynamağa imkan tapacam. Xorvatiyadakı dostlarım mənə dəstək olmaq üçün həmin oyuna mütləq gələcək. Təbii ki, koronavirusla bağlı yeni problemlər ortaya çıxmasa.
- Ümumiyyətlə, Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindən gözləntiləri nədir?
- Azərbaycan qrupa Portuqaliya və Serbiyaya məğlubiyyətlə başladı. Hər ikisi də minimalhesablı məğlubiyyət oldu. Ümidvaram ki, qarşıdakı oyunlarda yaxşı futbol göstərib, xallar toplayacağıq. Təbii ki, Portuqaliya qrupda ən səviyyəli komandadı. Serbiya da qrupda ikinci pilləyə ən real namizəddi.
- Azərbaycan himnini öyrənmisiniz?
- Hələ ki, yox.
- Millidəki oyunçular himn oxuyur?
- Oxuyurlar. Himni öyrənməliyəm. Bakıda özümə müəllim axtarıram.
- Azərbaycan millisinin formasını geyinib, necə yaraşdığını sınamısınız?
- Xeyr. Təntənəli şəkildə formanı geyinəcəyim anı səbirsizliklə gözləyirəm. Bu da sentyabrda olacaq.
- Dostlarınız bu qərarınızla bağlı sizə nə dedi?
- Azərbaycan millisini seçdiyimə görə məni dəstəklədilər. Çünki burada məni yaxşı tanıyırlar. Üstəlik nəzərə almaq lazımdır ki, Xorvatiya millisinin planlarında mən yoxam. Xorvatiya millisindən dəvət alsaydım, əlbəttə ki, Xorvatiya millisində də oynayacaqdım.
- Kiçik turniri çıxmaq şərtilə Xorvatiya millisinin futbolçusu ola bilmədiniz. Buna görə təəssüflənirsiniz?
- “Hayduk”da oynadığım vaxtlarda zədələrim oldu. Bu məni çox narahat edirdi. Təəssüf, amma nə etmək olar? Həyatdı, hər şey ola bilər. Heç nəyə görə təəssüflənmirəm. Daha yaxşı ola bilərdi, amma daha pis də ola bilərdi. Mən obyektiv olmağa çalışıram. Tez-tez məndən soruşurlar ki, “nəyə görə bu qədər müddətdir ki, Azərbaycandasan?”. Cavab verirəm ki, hər şeyi qane edir, hər şey əladı. İki mövsüm “Qəbələ”də oynadım, üç mövsümdür ki, “Qarabağ”dayam. Yaşayış səviyyəsi əladı, şərtlər əladı, mənə də çox yaxşı davranırlar. Başqa nəsə istəməyim üçün səbəb yoxdu.
- Karyeranızdan gözləntiniz nədir?
- Daha 5-6 il yüksək səviyyədə oynamaq, beynəlxalq matçlarda çıxış etmək, çempionluq titulları. Əgər zədələr olmasa, hər şey əla olacaq.
- Avropa çempionatının Bakıda keçirilən oyunlarında azarkeş kimi iştirak etdiniz?
- Xeyr. Çünki bizim məşqlərimiz var idi. Oyunlara televizor vasitəsilə baxa bildim.
(Sportske novosti)
saytlarin hazirlanmasi